Azərbaycan–Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib
Bu gün Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.
Samir Şərifov qeyd edib ki, xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.
Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əlaqələndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin dövlət başçılarının tapşırıqlarının icrası baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.