Azərbaycan-Tacikistan əməkdaşlığında yeni mərhələ
Azərbaycan Sənayeçilər Assosiasiyası ilə Tacikistan müəssisələri arasında əməkdaşlıq ilk növbədə Azərbaycan dövlətinin Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirdiyi əməkdaşlığın tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, Azərbaycan Sənayeçilər Assosiasiyasının Tacikistan müəssisələri ilə əməkdaşlıq təşəbbüsü Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Politoloqun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq haqqında müqavilə yalnız iki ölkə arasındakı münasibətlərin deyil, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiya proseslərinin inkişafına təkan verən mühüm sənəddir.
“Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq haqqında müqavilə bu iki regionun daha da sıx inteqrasiyasına təkan verən yaddaqalan sənəd kimi qiymətləndirilməlidir. Bu, təkcə Azərbaycan–Özbəkistan münasibətlərini deyil, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyasını sürətləndirən mühüm qərardır”.
Ekspertin fikrincə, Azərbaycanla Özbəkistan arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasından sonra Mərkəzi Asiyanın digər ölkələri ilə də ayrı-ayrı sektorlar üzrə əməkdaşlığın genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması gözlənilən prosesdir.
Taleh Əliyev hesab edir ki, Azərbaycan Sənayeçilər Assosiasiyasının Tacikistan müəssisələri ilə əməkdaşlıq təşəbbüsü də məhz bu prosesin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Politoloq qeyd edir ki, yaxın gələcəkdə Azərbaycanla dost Tacikistan arasında dövlət səviyyəsində əməkdaşlığın daha da strateji xarakter alması, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində yeni səfərlərin, o cümlədən dövlət başçıları səfərlərinin həyata keçirilməsi və bu səfərlər çərçivəsində müxtəlif sənədlərin imzalanması mümkündür.
Süsən Mərdalıqızı