Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı: Regionun yeni güc mərkəzi
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq istiqamətində də davamlı olaraq inkişaf edir. Bu əməkdaşlıq iki qardaş ölkənin silahlı qüvvələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, hərbi peşəkarlığın artırılmasına və birgə fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər özünün ən yüksək səviyyəsinə çatıb:
“Bu münasibətlər bir çox sahələri, o cümlədən hərbi əməkdaşlıq və strateji tərəfdaşlığın gücləndirilməsini əhatə edir. Hər iki ölkə arasında mövcud münasibətlər imzalanan müvafiq sənədlərə və xüsusilə Şuşa Bəyannaməsinə əsaslanır. Birgə hərbi təlimlərin keçirilməsi hər iki qardaş ölkənin mövcud geosiyasi təlatümlər fonunda ətraf ölkələrə verdiyi hərbi-siyasi bir mesajdır. Azərbaycan ilə Türkiyə arasında təlimlər demək olar ki, ilboyu fasiləsiz rejimdə davam edir. Həm Türkiyədə, həm də Azərbaycanda ikitərəfli, bəzən isə çoxtərəfli təlimlər keçirilir. Bu təlimlərdə iştirak edən qüvvələrin peşəkarlıq səviyyəsi artırılır, eyni zamanda birgə kombinasiyalı fəaliyyət üçün yeni metodlar işlənilir və yeni üsullardan istifadə olunur”.
Mehriban Yariyeva