Azərbaycan-Türkiyə müttəfiqliyi regionda sülh və əməkdaşlığın yeni mərhələsinə zəmin yaradır
Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada keçirilən görüşü iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin regional siyasətdəki əhəmiyyətini bir daha gündəmə gətirib. Zəfər Gününə təsadüf edən görüşdə səsləndirilən mesajlar dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması baxımından diqqət çəkib. Xüsusilə regional nəqliyyat və enerji layihələri, Orta Dəhlizin inkişafı, həmçinin iki ölkənin Yaxın Şərqdəki mövqeyi əməkdaşlığın gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda ən yüksək inkişaf mərhələsindədir. Onun sözlərinə görə, iki ölkə prezidentinin Zəfər Günündə Şuşada bir araya gəlməsi xüsusi siyasi və simvolik məna daşıyır:
“Azərbaycan-Türkiyə münasibətləri özünün ən yüksək mərhələsini yaşamaqdadır. Xüsusilə də iki ölkə prezidentinin Şuşadakı görüşü və Türkiyə prezidentinin Şuşaya ziyarəti anlamlı bir günə təsadüf edir. Belə ki, Zəfər Günündə Türkiyə prezidenti ilə Azərbaycan prezidenti bir yerdə Şuşada bir araya gəldilər. Burada verilən mesajlar bir daha dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonra daha yüksək səviyyədə inkişafına nail olunacağı ilə bağlı idi. Eyni zamanda, bizim aramıza girmək istəyən qüvvələrə verilən mesajlar olduqca anlamlı idi”.
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi Cənubi Qafqazın sülh və təhlükəsizlik məkanına çevrilməsində mühüm rol oynayır. Onun fikrincə, məhz bu birlik son altı ildə regionda yeni reallıqların formalaşmasına, Cənubi Qafqazın gərginlik coğrafiyasından sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində addımların atılmasına şərait yaradıb:
"Yaranan yeni imkanlar regionun Orta Dəhlizin əsas marşrutlarından birinə və mühüm logistika mərkəzinə çevrilməsi baxımından da əhəmiyyətlidir. O bildirib ki, Azərbaycan-Türkiyə müttəfiqliyinin təsir imkanları yalnız Cənubi Qafqazla məhdudlaşmır, bu birlik Yaxın Şərq və Orta Asiyada da mühüm rol oynaya bilər.
Cənubi Qafqaz və Orta Asiya arasında əlaqələrin genişlənməsi, eləcə də Orta Dəhlizin əsas komponentlərinin bu coğrafiyadan keçməsi Türkiyənin Orta Asiya ilə münasibətlərinin daha da güclənməsinə imkan yaradacaq. Bununla yanaşı, bu proses Azərbaycanın Yaxın Şərqdə rolunun artmasına və Türkiyə ilə müttəfiqlik çərçivəsində həmin regionda daha möhkəm mövqe qazanmasına şərait yarada bilər".
Oqtay Qasımov vurğulayıb ki, Türkiyə prezidentinin Şuşaya səfəri və görüş zamanı verilən mesajlar yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqaz, Yaxın Şərq və Orta Asiyanın gələcək inkişaf perspektivləri baxımından da əhəmiyyətlidir:
“Bu baxımdan Türkiyə prezidentinin səfəri və burada verilən mesajlar həm Cənubi Qafqaz, həm Yaxın Şərq, o cümlədən Orta Asiya üçün və gələcək perspektivdə mühüm müsbət istiqamətə təkanlar verə bilər deyə düşünürəm”.
Gülnar Mustafayeva