SITA pilotlar üçün yeni elektron tətbiqini təqdim edib
Aviasiya texnologiyaları sahəsində qlobal liderlərdən biri olan SITA pilotların qərarvermə prosesini asanlaşdırmaq, uçuşların təhlükəsizliyini artırmaq və yanacaq sərfiyyatını azaltmaq məqsədilə yeni SITA eWAS+ elektron tətbiqini istifadəyə verib.
Yeni tətbiq 12 ildən artıqdır ki, 60-dan çox aviaşirkətdə 40 mindən çox pilotun istifadə etdiyi SITA eWAS platformasının təkmilləşdirilmiş versiyasıdır. SITA eWAS+ hava şəraiti ilə bağlı məlumatları və uçuş əməliyyatlarına dair göstəriciləri vahid platformada birləşdirərək pilotlara daha operativ və əsaslandırılmış qərarlar qəbul etmək imkanı yaradır.
Tətbiqin əsas üstünlüklərindən biri müxtəlif sistemlərdən əldə edilən məlumatların vahid ekranda təqdim olunmasıdır. Beləliklə, pilotların ayrı-ayrı mənbələrdən gələn məlumatları təhlil etməsinə ehtiyac azalır, hava və əməliyyat göstəricilərinə daha rahat çıxış təmin edilir.
SITA eWAS+ xüsusilə təyyarə radarlarının aşkar edə bilmədiyi açıq səma turbulentliyi kimi riskli hava hadisələrinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Tətbiq pilotlara uçuş hündürlüyünün dəyişdirilməsi ilə bağlı daha çevik və əsaslandırılmış qərarlar verməyə kömək edir.
Yeni platformanın digər mühüm xüsusiyyəti 4D əməliyyat vizuallığıdır. Bu funksiya 10-dan çox sertifikatlaşdırılmış hava proqnozu provayderindən əldə edilən məlumatların birləşdirilməsinə əsaslanır və pilotlara uçuş marşrutu boyunca hava şəraitini daha əhatəli qiymətləndirmək imkanı verir.