"Danışıqlar masasında sülh, pərdəarxasında müharibə təhlükəsi"
Sülh danışıqları davam etsə də, tərəflər arasında etimad mühitinin tam formalaşmaması və fərqli mövqelərin qorunması regionda yeni hərbi qarşıdurma riskini gündəmdə saxlayır. Mövcud vəziyyət danışıqlar prosesinin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradır.
Mövzu ilə bağlı siyasi ekspert Əziz Əlibəyli bildirir ki, tərəflər arasında mövcud ritorika fərqləri danışıqların gedişi ilə bağlı müəyyən narahatlıq və şübhələr yaradır:
"Danışıqlar prosesində əsas prioritet döyüş əməliyyatlarının dayandırılması, tərəflər arasında etimad mühitinin formalaşdırılması və qısa müddətdə nəticə verə biləcək addımlara keçidin təmin edilməsidir.Hazırda diqqət iki əsas məsələ üzərində cəmləşib. Bunlardan biri kommunikasiya xətlərinin işlək vəziyyətə gətirilməsi, digəri isə torpaqların gələcək taleyi ilə bağlı məsələlərdir.Adətən bu cür danışıqlar növbəti hərbi əməliyyatlar üçün zəmin yarada bilir. Qışın yaxınlaşması fonunda növbəti hərbi əməliyyatların başlanması ehtimalı ilə bağlı vaxt getdikcə daralır. Bu baxımdan, danışıqlar prosesi tərəflərin səmimi olub-olmadığını, yoxsa sadəcə vaxt udmağa çalışdığını müəyyənləşdirmək üçün mühüm vasitədir.
Əmin olmaq lazımdır ki, tərəflərdən birinin rəqibi aldatmağa yönəlmiş addımları digər tərəfi müharibənin daha şiddətli mərhələsinə keçməyə sövq edə bilər. Tarixdə bununla bağlı kifayət qədər təcrübə var.Tərəflər bir tərəfdən kommunikasiya kanallarını açıq saxlayır, dialoqu davam etdirir, digər tərəfdən isə konkret nəticələr əldə etməyə çalışırlar".
Ayan Məmmədzadə