Türkiyə Prezidenti: İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha da fərqli olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin və xalqının hər zaman Azərbaycanın yanında olmağa, onun kədərini öz kədəri, sevincini isə öz sevinci kimi qəbul etməyə davam edəcəyini bəyan edib.
O, bu barədə Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının hüquqi-siyasi əsaslarını müəyyənləşdirir:
“Şuşa Bəyannaməsi iki qardaş ölkənin təhlükəsizliyini, iqtisadi inkişafını, ortaq siyasi mövqeyini, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu müəyyənləşdirir. Ən əsası isə bu sənəd iki qardaş ölkə xalqlarının siyasi iradəsini özündə təcəssüm etdirir. Ona görə də bəyannaməni həm geoiqtisadi, həm də geosiyasi kontekstdə qiymətləndirsək, görərik ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə təhlükəsizliyin təmin olunması ilə bağlı elə bir istiqamət yoxdur ki, bu sənəddə öz əksini tapmasın. Şuşa Bəyannaməsi hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunaraq müttəfiqlik statusu qazanıb. Şübhəsiz ki, Azərbaycan-Türkiyə əməkdaşlığının əsas istiqamətlərindən biri hərbi-siyasi əməkdaşlıqdır”, – deyə deputat bildirib.
Millət vəkili, həmçinin Qarabağda yol infrastrukturu, radiostansiyalar, körpülər və tunellərin tikintisi, eləcə də aqrar sektorun inkişafı və istehsal imkanlarının yaradılması ilə bağlı layihələrdən danışıb:
“Bütövlükdə, torpaqlarımızın işğaldan azad edilməsindən sonrakı altı il ərzində Türkiyənin müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətləri 560-dan çox layihənin həyata keçirilməsində iştirak ediblər. Bu layihələr tikinti sektorundan tutmuş aqrar sahəyədək müxtəlif istiqamətləri əhatə edir və ümumi maliyyə həcmi təxminən 5 milyard dollar qiymətləndirilir. Layihələr çərçivəsində müasir avadanlıq və texnologiyaların Azərbaycana gətirilməsi də mühüm əhəmiyyət daşıyır. Növbəti illərdə də bu qardaşlıq münasibətləri davam edəcək. 8 noyabr 2026-cı ildə keçirilən son görüşdən sonra hər iki ölkənin prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığının daimi, əbədi və sarsılmaz olduğunu bəyan ediblər. Şübhəsiz ki, gələcəyimizin birgə qurulması istiqamətində nümayiş etdirilən qətiyyət və siyasi iradə bundan sonra da özünü göstərəcək. Məhz bu səbəbdən Azərbaycan Şuşada çoxsaylı beynəlxalq tədbirlər keçirir”, – deyə Hikmət Babaoğlu qeyd edib.
Deputat əlavə edib ki, gələcəkdə Türk Dövlətləri Təşkilatının növbəti zirvə görüşü də daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirlərdə Türkiyə ən yüksək səviyyədə təmsil olunacaq.
Hikmət Babaoğlu Şuşanın tarixi-mədəni irsinin qorunması və abidələrinin bərpası istiqamətində görülən işlərə də toxunub:
“Şuşanın tarixi-mədəni irsinin qorunması və abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Vaqifin məqbərəsi, Xurşidbanu Natəvanın məzarı bərpa olunub. Qısa müddət ərzində Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri, mehmanxanalar və məscidlər bərpa edilib. Bu proses hazırda da davam etdirilir. Yeni məscidlər tikilir. Bütün bunlar bizim dini, mədəni və milli irsimizin ayrılmaz hissəsidir. Bu işlər qələbəmizə layiq coşqu ilə davam etdirilir. Mənə elə gəlir ki, bu gün Azərbaycan Prezidentinin 8 noyabr 2020-ci ildə səsləndirdiyi vədin real həyata keçirilməsinin şahidi oluruq. Cənab Prezident həmin gün demişdi: “Əziz Şuşa, səni azad edəcəyik! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” Bu gün biz dirçələn, yenidən ayağa qalxan Şuşanı görürük. Gələcəyin Şuşası isə daha möhtəşəm olacaq”.
Ayşə Cəfərova