00:00:00
Yazar
Zəhra Həsənova
01.09.2026 17:39 152 1 dəq oxuma
Siyasət

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentlərinin Bişkek görüşü - DETALLAR

Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentlərinin Bişkek görüşü - DETALLAR

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran Prezidenti Məsud Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə bir araya gəliblər.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan, Türkiyə, Özbəkistan və İran prezidentlərinin bir arada olması və söhbət etmələri gözəl mənzərə yaradır:

 

“Azərbaycan, Türkiyə və Özbəkistan çox yaxın münasibətlərə malikdir. Azərbaycan üçün əsas strateji müttəfiqlərdir və bu dövlətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində də yaxın münasibətlərə malikdir, əlaqələri sürətlə inkişaf edir. İran prezidentinin həm keçən il, həm də bu il bu formata qatılması maraqlıdır və daha çox İran prezidentinin şəxsiyyəti ilə bağlıdır. Çünki Pezeşkiana qədər İran dövlətinin rəhbərləri türk dövlətləri ilə münasibətlərdə məsafəli davranırdı. Pezeşkian isə fərqli yanaşma nümayiş etdirir ki, bu da müsbət amil hesab oluna bilər”.

 

Oqtay Qasımovun sözlərinə görə, bu tipli ümumi mühitdə ciddi müzakirələr aparılmır:

 

"Görüntü və münasibətlərin nümayişi baxımından mühüm görüş sayıla bilər. Orada müəyyən məsələlər müzakirə edilir, amma bu, rəsmi görüş deyil. Qeyri-rəsmi fasilə zamanı yaranmış imkandan istifadə edilərək keçirilən bir görüşdür. Ümumən bu tipli görüşlər həm dövlətlərarası münasibətlərə, həm də şəxsi münasibətlərə müsbət təsir edən faktor kimi nəzərdən keçirilməlidir".

 

Nurgün Qənizadə

#görüşü #i̇ran #türkiyə # #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər