Azərbaycan-Türkiyə qardaşlığını pozma cəhdləri
Milli Məclisin deputatı Samir Vəliyev bildirib ki, Azərbaycan və Türkiyə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri davam edir. O qeyd edib ki, son günlər Türkiyə sosial mediasında Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası iki ölkənin münasibətlərinə zərbə vurmaq istəyən qüvvələrlə bağlıdır.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında Azər Allahverənov bildirib ki, BMT-nin Baş Assambleyasının sessiyasında baş verən məlum hadisələr o qədər də böyük bir rezonansa səbəb olacaq hadisə deyil:
“Çünki bu normal bir praktikadır və hər bir dövlətin diplomatik qurumlarının təmsilçisi qərar verərkən, şübhəsiz, ilk əvvəl ölkənin milli maraqlarından çıxış edərək suveren hüququnu təmin edir. Bu zamana qədərki hadisələrə diqqət yetirsək, elə sırf Azərbaycana münasibətdə çoxsaylı nümunələr gətirmək olar. Amma Azərbaycanın konkret hədəf göstərilməsi və bu məsələnin Türkiyə mediasında, eləcə də ekspertlər tərəfindən geniş şərh olunması diqqət çəkir. Bu, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin istənilən hadisədən istifadə etməyə çalışdığını göstərir”.
Deputat əlavə edib ki, onlar maksimum çalışırlar ki, iki qardaş dövlət arasında hansısa bir nifaq da olmasa belə, bir soyuq münasibətin formalaşmasına gətirib çıxarda biləcək bir mühit formalaşdırsınlar:
“Buna görə də BMT Baş Assambleyasının sessiyasında iştirakın davam etdirilməsini iki dövlət arasındakı münasibətlərə zərər verəcək hadisə kimi təqdim edən qüvvələrə diqqət çəkildi. Bu, Türkiyə cəmiyyətində belə bir gərginliyin yaranmasında maraqlı tərəflərin olduğunu göstərir. Bu qüvvələrin yalnız Türkiyədə deyil, ölkə xaricində də olduğu ehtimal edilir”.
Deputat bunun sadəcə olaraq Türkiyənin bəzi media dairələri vasitəsilə də hərəkətə gətirmiş olduğunu da qeyd edib:
“Bu, birinci hal deyil, təbii ki. Yəni buna bənzər biz hadisələri keçmişdə də yaşamışıq. Hər zaman da iki ölkənin ali rəhbərliyi bir daha bu qardaşlığın en yüksək səviyyədə bərqərar olduğunu, strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə çıxar olduğunu öz mövqeləri ilə nümayiş etdiriblər”.
O bildirib ki, Türkiyənin öz daxilində də belə müəyyən qüvvələr, hətta ölkənin hakim dairələrində təmsil olunan siyasi mərkəzlərə bu formada təsir etməyə çalışırlar:
“Bunu da Azərbaycan-Türkiyə münasibətləri üzərindən həyata keçirməyə çalışırlar. İndi bu mövzu ətrafında çox böyük bir qarşıdurma yaşanmaqdadır”.
Əlavə olaraq bildirib ki, bunlar hamısı əbəsdir və bu kimi addımlar heç bir zaman iki qardaş dövlətin münasibətlərinə zərər gətirməz:
“Əksinə, hətta belə çox ağır dönəmlərdən çıxan bu münasibətlərin daha da möhkəmlənməsinə gətirib çıxarar. Keçmiş təcrübədə də biz bunu dəfələrlə görmüşük. İki ölkə arasında strateji tərəfdaşlıq Şuşa Bəyannaməsi üzərindən müttəfiqlik səviyyəsinə qədər çıxarılıbdır. Burada, iki ölkəni bir-birinə bağlayan çox vacib, tarixi və çox mühüm, fundamental bağlar var. Bu bağlar nəinki sarsılmazdır, bu bağlar, əksinə, bu kimi cəhdlərə qarşı da çox ciddi cavab vermək iqtidarındadır”.
Deputat qeyd edib ki, istənilən halda hər iki dövlətin aidiyyəti strukturları bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır:
“Xüsusilə Türkiyə mediasında məsələni neqativ şəkildə təqdim edən qüvvələrlə bağlı müvafiq addımlar atılmalıdır. Çünki burada həmin mərkəzlər də, şəxslər də bəllidir. Bu mövzu ətrafında da çox böyük bir qalmaqal yaratmaqla Azərbaycanı belə olunmaz günahlarda ittiham eləməyə çalışırlar”.
Azər Allahverənov bildirib ki, Azərbaycan sosial mediasında da bu məsələ ilə bağlı ara-sıra müəyyən mənfi fikirlərin söylənildiyini görürük:
“Burada da çox qabarıq şəkildə onlara sərt reaksiya verilməsi bir daha onu göstərir ki, iki dövlətin bu qardaşlığının dayaqları və onları bir-birinə sıx bağlayan dəyərlər olduqca güclüdür. Ən azından məhz bu kimi cəhdlərin qarşısını məhz həmin o güclü bağlar üzərindən cavab vermək mümkündür, cəhdlərin heçə endirilməsi mümkündür ki, bunun da baş verdiyini biz görürük.
Mən düşünmürəm ki, bu hər hansı bir formada münasibətləri sarsıda bilər. İstənilən halda, ama o qədər bu kampaniya cılız şəkildə aparılmaqdadır ki, güclü olan dayaqları heç bir zaman sarsıda bilməz”.
Həmçinin müsahib həmin şəxslərlə də bağlı aidiyyəti strukturlar araşdırmalar aparmalı və nəyə görə bu mövzunu belə bir geniş şəkildə təbliğ olunmasını həyata keçirir, kimlərin sifarişi ilə həyata keçirildiyini də üzə çıxarmağın çox vacib olduğunu qeyd edib:
“Adətən bu kimi mövzular ətrafında baş verən hadisələr, xüsusilə də bu informasiya müstəvisində dövriyyəyə buraxılan narrativlər sadəcə olaraq dövriyyəyə buraxılan bir məlumat deyil. Bunun konkret bir siyasi məqsədi olur. Bu siyasi məqsədin də həyata keçirilməsində maraqlı olan siyasi qüvvələr var ki, bununla bağlı xüsusi sifarişlərini verirlər.
Biz bugün daha çox icra edənləri görürük, ama bu sifarişçilər pərdə arxasında qalır. Mütləq deyil ki, bu sifarişçilər elə hamısı məhz Türkiyə cəmiyyətinin daxilində olsunlar. Burada kənar qüvvələr də kifayət qədər sərt şəkildə bu məsələ ilə bağlı mövqe nümayiş etdirməyə çalışırlar. Bunu da həmin o müxtəlif anti-milli, anti-türk qüvvələrin geniş iştirakı ilə də həyata keçirməyə cəhd edirlər”.
Nəticə olaraq bildirilib ki, bunun da ətrafında müəyyən araşdırmalar aparılmaqla bu hadisənin bu şəkildə qələmə verilməsində maraqlı olan qüvvələrin üzə çıxarılması mümkün olacaqdır:
“İstənilən halda qardaşlığımız sarsılmazdır və əbədidir. Bunu heç bir qüvvə, heç bir dövlətlər belə sarsıda bilməzlər. Ən azından bu da bir dərsdir, o baxımdan ki, düşmən heç bir zaman uyumur, düşmən heç bir zaman sakitləşmir. Əksinə, istənilən bir vəziyyətdə hansısa bir hadisədən maksimum faydalanmağa çalışır ki, bunun da konkret məqsədi iki dövlət arasında nifaq yaratmaqdır”.
Aysu Abbasova