Azərbaycan üçün Serbiya Balkan regionunda önəmli tranzit və tərəfdaş ölkədir
"Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri iki xalq üçün yeni əməkdaşlıq və rifah imkanları açır".
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı paylaşımında qeyd edib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, Serbiya ilə Azərbaycan arasında yeni sazişlər imzalanıb:
“Bu sazişlər əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutur. Sənədlərdə qazla işləyən elektrik stansiyasının qurulması, kənd təsərrüfatı, alternativ enerji sahəsi, eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın inkişafı əksini tapıb. Ümumilikdə Azərbaycanın Serbiyaya investisiya qoyuluşu reallaşır. Hazırda Avropa ölkələrində Serbiyaya münasibətdə fərqli yanaşmalar mövcuddur. Serbiyada hakimiyyətin siyasi kursuna münasibətdə müəyyən fərqliliklər var. Serbiya bu gün Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığa ehtiyac duyur. Və Azərbaycanın investisiyalarına, xüsusilə neft-qaz sahəsində təcrübəsinə maraq göstərir. Bu baxımdan Serbiya üçün Azərbaycan faydalı tərəfdaş hesab oluna bilər. Eyni zamanda Serbiya Balkanların mühüm dövlətlərindən biridir. Serbiya ilə əməkdaşlıq Balkan regionunda əlaqələrin genişlənməsi deməkdir. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsinə də xidmət edir.
Serbiya tərəfi enerji stansiyalarının qurulması və tikintisində Azərbaycanın yüksək səriştəyə malik olduğunu qeyd edir. Bu layihələrin Azərbaycanın dəstəyi ilə həyata keçiriləcəyini bildirir. Azərbaycanın neft-qaz infrastrukturu kifayət qədər inkişaf edib və geniş coğrafiyanı əhatə edir. Serbiya artıq Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsi ehtimal olunur. Bütün hallarda Azərbaycan və Serbiya dost dövlətlərdir. Son səfərdən sonra strateji tərəfdaşlığın genişləndirilməsi məsələsi bir daha vurğulanıb. Mövcud münasibətlərin daha da dərinləşəcəyi gözlənilir. Kənd təsərrüfatı sahəsində də investisiyaların qoyulması planlaşdırılır. Azərbaycan Avropada özünü etibarlı tərəfdaş kimi təqdim edir. Serbiya ilə hərbi sahədə də əməkdaşlıq mövcuddur. Strateji tərəfdaş olaraq Serbiyanın gələcəkdə Azərbaycanın mövqelərini dəstəkləyəcəyi qeyd olunur. Ümumilikdə əməkdaşlıq inkişaf edir və bu proses hər iki ölkənin xalqlarının mənafeyinə uyğundur”.
Selcan Xudiyeva
