00:00:00
Yazar
Aysel Mirzəyeva
09.04.2026 20:17 73 2 dəq oxuma
Siyasət

Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə keçir

Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə keçir

Ukrayna və Azərbaycanın Xarici İşlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Azərbaycan və Ukrayna arasında əməkdaşlıq gələcəkdə çoxtərəflilik prinsipi əsasında daha da güclənəcək:

 

“Müzakirələr göstərir ki, Azərbaycan və Ukrayna arasında gələcəkdə də əməkdaşlıq üçün geniş imkanlar və ortaq maraqlar mövcuddur. Bu münasibətlər inkişaf edən xətt üzrə davam edəcək. Hazırda dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqazda müəyyən təlatümlər olsa da, bu problemlər daimi xarakter daşımır. Zamanla qlobal nizam formalaşdıqca bu çətinliklər öz həllini tapacaq. Yeni dünya düzənində çoxtərəflilik əsas rol oynayacaq. Daha çox tərəfdaş qazanan və müxtəlif dövlətlərlə əməkdaşlıq quran ölkələr daha güclü mövqedə olacaq. Bu baxımdan Azərbaycan və Ukrayna artıq indidən əlaqələrini genişləndirməyə çalışırlar. Hər iki ölkənin post-sovet məkanına aid olması, Azərbaycanın Avropa üçün artan enerji rolu, Ukraynanın isə strateji “Şərq qapısı” kimi əhəmiyyəti bu əməkdaşlığı daha da vacib edir. Bu səbəbdən tərəflər arasında siyasi və iqtisadi əlaqələrin inkişaf perspektivi yüksək qiymətləndirilir”.

 

Həmçinin ekspert qeyd edib ki, əməkdaşlıq əsasən enerji, kənd təsərrüfatı və təhlükəsizlik sahələrində inkişaf edəcək və qarşılıqlı maraqlar bunu gücləndirəcək:

 

“Əməkdaşlığın inkişaf edəcəyi əsas sahələr arasında enerji, tranzit layihələri, kənd təsərrüfatı və müdafiə sənayesi xüsusi yer tutur. Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşı kimi çıxış edə bilər və tranzit imkanları vasitəsilə digər regionların resurslarını da ötürə bilər. Ukraynanın zəngin kənd təsərrüfatı potensialı, xüsusilə buğda ehtiyatları, Azərbaycan üçün alternativ mənbə yaradır. Eyni zamanda hərbi-texniki sahədə əməkdaşlıq da perspektivlidir. Hər iki ölkənin müharibə təcrübəsi qarşılıqlı təcrübə mübadiləsinə və yeni imkanların yaranmasına şərait yaradır. Beynəlxalq arenada siyasi təhlükəsizlik və qarşılıqlı dəstək də mühüm istiqamətlərdəndir. Regional problemlər müəyyən gecikmələr yaratsa da, bu əməkdaşlığa mane olmur. Münasibətlərin güclənməsi üçün qarşılıqlı ədalətli mövqe və qərarlılıq əsas şərtlərdir. Bundan əlavə, qurumlararası əlaqələrin genişləndirilməsi, ortaq layihələrin hazırlanması və davamlı dialoq münasibətlərin daha da inkişafına təkan verəcək”.


Arzu Poladova

#yeni #mərhələyə #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər