Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlıqda yeni mərhələ
Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və humanitar əlaqələr yeni istiqamətlər üzrə inkişaf edir. Noyabrın 4-5-də Ukraynanın Ujqorod şəhərində keçirilən Hökumətlərarası Komissiyanın 14-cü plenar sessiyası iki ölkə arasındakı əməkdaşlığın gələcək perspektivlərini bir daha gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, son görüşdə əldə olunan razılaşmalar Azərbaycan-Ukrayna əlaqələrinin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır:
"Bu əməkdaşlığın əsas istiqamətləri iqtisadiyyat, humanitar sahə və nəqliyyat-logistika olacaq. Azərbaycan və Ukrayna münasibətlərinin təməlində beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət dayanır. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi siyasi münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Siyasi dəstək humanitar addımlarla da möhkəmləndirilir. Azərbaycanın Ukraynanın enerji sisteminin bərpasına verdiyi töhfələr və müharibədən zərər çəkmiş uşaqların reabilitasiyasına göstərdiyi yardım iki xalq arasında etimadı gücləndirir. Ujqorodda keçirilən komissiyanın 14-cü iclasında müəyyənləşdirilən hədəflərin konkret iqtisadi nəticələrə çevrilməsi də vacibdir. Biznes dəyirmi masasının təşkili və sənaye parklarına səfərlər özəl sektorun əməkdaşlığa cəlb olunmasına şərait yaradır. Yüksək texnologiyalar, bərpaolunan enerji və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması ticarət əlaqələrinin şaxələndirilməsinə kömək edə bilər. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda qazandığı yenidənqurma təcrübəsi Ukraynanın bərpa prosesində də tətbiq oluna bilər. Ölkəmizin tikinti materialları, elektrotexnika və mühəndislik şirkətləri Ukraynanın dağıdılmış şəhərlərinin və enerji infrastrukturunun bərpasında iştirak edə bilərlər. Bu, Azərbaycan şirkətləri üçün yeni iqtisadi imkanlar yaradacağı kimi, Ukraynanın bərpa prosesinə də töhfə verə bilər. Digər tərəfdən, Ukraynanın Avropa İttifaqı ilə inteqrasiyası bu ölkədə yaradılacaq birgə müəssisələr vasitəsilə Azərbaycan biznesinin Avropa bazarlarına çıxışını asanlaşdıra bilər. Nəqliyyat və logistika əməkdaşlığı da mühüm əhəmiyyət daşıyır. Xəzər dənizi, Cənubi Qafqaz və Qara dəniz hövzəsini birləşdirən marşrut Mərkəzi Asiya və Çindən gələn yüklərin Avropaya daşınmasında əhəmiyyətli rol oynaya bilər. Müharibə başa çatdıqdan və Qara dənizdə naviqasiya təhlükəsizliyi bərpa olunduqdan sonra Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Ukraynanın Qara dəniz limanları arasında bərə və konteyner daşımalarının genişləndirilməsi hər iki ölkənin tranzit imkanlarını artıracaq. Bu marşrut sənaye məhsulları ilə yanaşı, enerji resurslarının və Ukrayna kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması üçün də alternativ imkan yaradacaq. Ümumilikdə, Azərbaycan və Ukrayna arasında münasibətlərin inkişafı hər iki ölkənin siyasi və iqtisadi maraqları baxımından mühüm əhəmiyyət daşıyır”.
Güllüzar Nəbili