Azərbaycan-Ukrayna münasibətlərində yeni əməkdaşlıq mərhələsi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın iştirakı ilə Ukrayna Xarici İşlər Nazirliyinin parkında yerləşən Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamaaında bildirib ki, qtisadiyyat, siyasət, regional təhlükəsizlik və digər bir çox istiqamətlər üzrə geniş müzakirələr aparılıb:
“Bu onu deməyə əsas verir ki, hər iki tərəf mövcud əməkdaşlığı daha da genişləndirmək və ikitərəfli münasibətləri yeni mərhələyə yüksəltmək niyyətindədir. Həm Bakı, həm də Kiyev bu istiqamətdə siyasi iradə nümayiş etdirir. Bu səfərin Azərbaycan-Ukrayna münasibətlərinə verə biləcəyi töhfələrə gəldikdə isə hesab edirəm ki, hər iki ölkənin oxşar tarixi təcrübəsi onları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycan uzun illər torpaqları işğal altında qalmış, başqa bir dövlətin təcavüzünə məruz qalmışdı. Lakin ölkənin uğurlu xarici siyasəti və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində torpaqlarımız işğaldan azad edildi, dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Bu gün isə illər əvvəl Azərbaycanın yaşadığı ağrıları və çətinlikləri Ukrayna yaşayır. Ukrayna da öz dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsini davam etdirir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, bununla yanaşı, Azərbaycan və Ukrayna Avropa ilə Asiya arasında mühüm geostrateji mövqeyə malik ölkələrdir:
"Hər iki dövlət həm Avropa, həm də Asiya ölkələri ilə geniş iqtisadi və siyasi əlaqələrə sahibdir. Yaxın Şərq siyasətində, xüsusilə Türkiyə ilə əməkdaşlıq məsələsində də ortaq maraqlar mövcuddur. Bütün bunlar iki ölkə arasında münasibətlərin gələcəkdə daha yüksək səviyyəyə yüksəlməsi üçün əlverişli zəmin yaradır. Nazirlərin görüşünün gündəliyi və aparılan müzakirələr göstərir ki, əməkdaşlığın çoxsaylı istiqamətləri diqqət mərkəzində olub. Səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirak edilib, Ukraynanın yerli istehsal potensialı ilə tanışlıq baş tutub. Bu da onu göstərir ki, tərəflər siyasi dialoqla yanaşı, iqtisadi və sənaye əməkdaşlığının genişləndirilməsində də maraqlıdırlar. Ümumilikdə, bu səfər Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına mühüm təkan verəcək, əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirəcək və iki ölkə arasında qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək”.
Güllər Gülhüseynova