Azərbaycan-Ukrayna münasibətlərində yeni mərhələ: Qəbələ görüşü- ŞƏRH
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, sözsüz ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin bu işgüzar səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər:
“Xüsusilə, ona görə ki, bu görüş Rusiya-Ukrayna müharibəsi başlayandan sonra keçirilən ilk yüksək səviyyəli görüşdür. Zelenski sonuncu dəfə 2019-cu ildə Azərbaycana səfər edib və hazırkı səfər tamamilə yeni geosiyasi şəraitdə baş tutur. Azərbaycan ilə Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Hər iki ölkə qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan siyasət yürüdür. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da Ukraynanın suverenliyini və ərazi bütövlüyünü daim müdafiə edir. Bu qarşılıqlı mövqe beynəlxalq platformalarda da özünü göstərir. Səfər çərçivəsində səsləndirilən fikirlər yalnız ikitərəfli münasibətləri deyil, həm də regionda sülh və sabitlik məsələlərini əhatə edir. Bu baxımdan görüş mühüm siyasi və strateji mesajlar verir. Əməkdaşlığın əsas istiqamətlərindən biri enerji təhlükəsizliyidir. Bu sahədə əlaqələr dinamik şəkildə inkişaf edir və siyasi dialoq iqtisadi sahələrə də müsbət təsir göstərir. Humanitar sahədə də ciddi nəticələr əldə olunub. Azərbaycan Ukraynaya 11 humanitar yardım paketi göndərib, həmçinin ölkənin müxtəlif şəhərlərinin bərpasında iştirak edir. Bundan əlavə, böhran dövründə təcili xidmətlərin yanacaqla təmin olunması istiqamətində dəstək göstərilib. Ukraynalı uşaqların Azərbaycanda reabilitasiya proqramlarında iştirakı da bu əməkdaşlığın mühüm hissəsidir və yüksək qiymətləndirilir. İqtisadiyyatın digər sahələrində, o cümlədən ticarət, hərbi sənaye və birgə müəssisələrin yaradılması istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub. Ukrayna Prezidentinin geniş nümayəndə heyəti ilə səfərə gəlməsi bu istiqamətlərin əhəmiyyətini göstərir. Səfər zamanı Azərbaycanın mümkün vasitəçilik rolu da diqqət mərkəzində olub. Rusiya ilə Ukrayna arasında danışıqların keçirilməsi üçün Azərbaycanın platforma kimi çıxış edə biləcəyi qeyd olunub. Bu isə Azərbaycanın balanslı və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu səfər həm siyasi, həm iqtisadi, həm də humanitar baxımdan mühüm əhəmiyyət daşıyır. O, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsi və gələcək əməkdaşlıq üçün əsaslı zəmin formalaşdırır”.

Cavahir Əsgərbəyli