Azərbaycan və ABŞ arasında xartiya imzalanıb
Fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıblar.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, imzalanan strateji tərəfdaşlıq xartiyası ABŞ-nin Cənubi Qafqaz siyasətində mühüm dəyişiklikdən xəbər verir:
“Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması hər iki dövlət üçün böyük önəm daşıyır. Çünki ABŞ Cənubi Qafqazda aktiv geopolitik oyunçu olmaq niyyətində olduğunu büruzə verir. Azərbaycan isə Cənubi Qafqazın geopolitik iradə mərkəzidir. Bu halda da Cənubi Qafqazda maraqları olan ABŞ-nin Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik olması Ağ Evin Cənubi Qafqaz siyasəti üçün böyük önəm daşıyır. Eyni zamanda Azərbaycan üçün də ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq olduqca əhəmiyyətli bir addımdır. Çünki vaxtilə Bayden administrasiyası dönəmində Azərbaycan və ABŞ arasında kifayət qədər ciddi ziddiyyətlər mövcud idi. ABŞ həmin dönəmdə tam ermənipərəst siyasət yürüdürdü və Cənubi Qafqaza da məhz Ermənistan üzərindən nüfuz etməyə çalışırdı. Ancaq Tramp administrasiyası Bayden administrasiyası dönəmində buraxılmış bu kobud səhvi düzəltmək qərarına gəlir və buna da nail olur. İndi ABŞ-nin həm Ermənistan, həm də Azərbaycanla çox yaxın münasibətləri var. Azərbaycan artıq Bayden administrasiyası dönəmində olduğu kimi ABŞ ilə ziddiyyət yaşamalı olmayacaq. Əksinə, ikitərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanlar açılıb. Təbii ki, bu da Cənubi Qafqazdakı geopolitik proseslərin inkişaf istiqamətlərinə birbaşa təsir göstərə bilər. Çünki artıq ABŞ Cənubi Qafqazın geopolitik iradə mərkəzi olan Azərbaycanla strateji tərəfdaşdır və hər iki tərəf bu regionda start verilmiş geostrateji, geopolitik və geoiqtisadi layihələrdə ortaq iştirak etmək imkanlarına malikdir. Xüsusilə də, Tramp marşrutunun reallaşdırılması istiqamətində əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığının tərkib hissəsi sayıla bilər. Bu da onu göstərir ki, ABŞ-nin Cənubi Qafqaz siyasəti artıq daha doğru faktorlar üzərində qurulmağa başlayıb və bu da həm ABŞ-yə, həm Azərbaycana, həm də ümumilikdə Cənubi Qafqaza faydalı ola biləcək, inkişaf perspektivlərinin önünü aça biləcək önəmli bir dəyişiklikdir”.
Lalə Qurbanlı
