Azərbaycan və ABŞ hərbi-texniki sahədə əməkdaşlığı möhkəmləndirəcək
ABŞ Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycan və ABŞ hərbi-texniki əməkdaşlığı yeni bir məsələ deyil:
"Əslində Azərbaycan beynəlxalq sülhməramlı qüvvələri tərkibində, o cümlədən, NATO tərəfdaşlıq proqramı çərçivəsində ABŞ Və NATO standartları istiqamətlərində Azərbaycan Ordusunun formalaşması və inkişafı sahəsində xeyli işlər görülüb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş hazırlığı və mənəvi-psixoloji ruh yüksəkliyində məhz Azərbaycan Ordusunun Qərb standartlarını, xüsusilə də, Türkiyə Silahlı Qüvvələri ilə daha yaxından əməkdaşlıq etməsi fonunda belə bir ildırımsürətli əməliyyatlar sayəsində Azərbaycan Ordusu tarixi zəfərə imza atan olub. Bakıda imzalanan ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasından irəli gələn hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq bir daha Azərbaycanın uzun illərdir formalaşan strategiyasının davamlı olmasının göstəricisidir. Bu baxımdan, imzalanan sənəd dövlət başçısı cənab İlham Əliyevin də dediyi kimi Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməsi daha doğrudur. Şübhəsiz, Cənubi Qafqazda sülhə təkan verəcək bir sənəd imzalanıb Bakı şəhərində. Bunun bu cür qiymətləndirilməsinin bir özəlliyi də ondan ibarətdir ki, həm Bakıda, həm də bir gün öncə İrəvanda imzalanan sənədlər 8 avqust 2025-ci ildə Vaşinqtonda imzalanan 3 tərəfli əməkdaşlığın məntiqi davamı idi. Və burada, şübhəsiz ki, həmin görüşdə əldə olunan razılaşmaya əsasən regionun vacib yeni layihəsi olan TRIPP layihəsinin də əhəmiyyətini yaddan çıxarmaq olmaz. İmzalanan sənədlər, xüsusən də, Xartiya Azərbaycan Ordusunun və bütövlükdə Azərbaycanın və Cənubi Qafqazın Qərbə əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında hərbi ekspert Anar Şuşalı isə bildirib ki, ABŞ-nin Azərbaycanla müdafiə və hərbi-texniki əməkdaşlığı genişləndirmək niyyəti Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik reallıqları fonunda diqqət çəkən hadisədir:
"Post-münaqişə mərhələsində regionda güc balansı dəyişir, nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyi daha da aktuallaşır, hibrid və kiber təhdidlər isə klassik hərbi risklərlə yanaşı prioritet təhlükə kateqoriyasına yüksəlir. Bu şəraitdə Bakı üçün hərbi modernləşmə və çoxşaxəli tərəfdaşlıq siyasəti strateji xətt kimi ön plana çıxır.
Azərbaycan son illər Silahlı Qüvvələrin texnoloji yenilənməsinə xüsusi diqqət ayırır. Müasir müharibə modeli artıq yalnız canlı qüvvə və ağır texnika ilə ölçülmür; informasiya üstünlüyü, real vaxt rejimində kəşfiyyat, elektron mübarizə və yüksək dəqiqlikli zərbə sistemləri əsas rol oynayır. ABŞ-lə hərbi-texniki əməkdaşlığın genişlənməsi bu baxımdan Azərbaycan Ordusunun komanda-idarəetmə sistemlərini təkmilləşdirmək, şəbəkə-mərkəzli əməliyyat modelinə keçidi sürətləndirmək və qərarvermə prosesini optimallaşdırmaq imkanı yarada bilər.
Xüsusilə, hava hücumundan müdafiə və erkən xəbərdarlıq sistemlərinin inkişafı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Müxtəlif istiqamətlərdən yarana biləcək risklər fonunda çoxsəviyyəli müdafiə konsepsiyası Azərbaycanın prioritetidir. ABŞ texnologiyalarının mövcud sistemlərlə inteqrasiyası hava məkanının qorunmasını daha çevik və effektiv edə bilər. Eyni zamanda, dəniz təhlükəsizliyi və Xəzər hövzəsində enerji infrastrukturunun qorunması sahəsində əməkdaşlıq imkanları da gündəmdədir.
Müasir təhlükəsizlik mühitində kibertəhlükəsizlik ayrıca strateji istiqamət kimi çıxış edir. Enerji kəmərləri, elektrik şəbəkələri, nəqliyyat-logistika mərkəzləri və dövlət idarəetmə sistemləri hibrid müharibə elementlərinin əsas hədəfləri hesab olunur. ABŞ-lə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq erkən xəbərdarlıq mexanizmlərinin qurulması, rəqəmsal müdafiə sistemlərinin gücləndirilməsi, kadr hazırlığı və texnoloji platformaların tətbiqi baxımından ciddi nəticələr verə bilər. Bu isə yalnız hərbi deyil, həm də iqtisadi və strateji dayanıqlığın artırılması deməkdir.
Müdafiə məhsullarının mümkün tədarükü və ya texnologiya transferi isə Azərbaycanın hərbi doktrinasında müəyyən yenilənmələrə səbəb ola bilər. Əgər əməkdaşlıq sadəcə hazır sistemlərin alınması ilə məhdudlaşmaz, birgə istehsal və sənaye kooperasiyası elementlərini də əhatə edərsə, bu, yerli müdafiə sənayesinin inkişafına təkan verə bilər. Belə bir model uzunmüddətli perspektivdə texnoloji asılılığı azaltmaqla yanaşı, Azərbaycanın regional müdafiə sənayesi mərkəzinə çevrilməsi imkanlarını genişləndirə bilər.
Bununla yanaşı, Türkiyə ilə strateji müttəfiqlik, İsrail və digər tərəfdaşlarla hərbi-texniki əməkdaşlıq fonunda ABŞ-lə münasibətlərin dərinləşməsi mövcud təhlükəsizlik arxitekturasının tamamlayıcı elementi kimi qiymətləndirilə bilər. Bu proses regiondakı digər güc mərkəzlərinin diqqətindən yayınmayacaq və diplomatik balansın qorunması vacib olaraq qalacaq.
Nəticə etibarilə, ABŞ–Azərbaycan hərbi-texniki əməkdaşlığının genişlənməsi təkcə silah və texnika məsələsi deyil. Bu, daha çox institusional modernləşmə, rəqəmsal təhlükəsizlik mühitinin gücləndirilməsi və müdafiə doktrinasının müasir çağırışlara uyğunlaşdırılması prosesidir".
Aişə Mustafayeva
