Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair əldə olunan razılaşma iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Yeni qaydalar sürücülər üçün prosedurların sadələşdirilməsini və sərhədlərarası hərəkətin daha əlçatan olmasını vəd edir. Ekspertlər isə bu qərarın həm fərdi istifadəçilərə, həm də beynəlxalq daşımalar sektoruna mümkün təsirlərini önə çəkirlər.
Mövzu ilə bağlı "İnformator.az"a müsahibəsində nəqliyyat eksperti Adil Nəbiyev bildirir ki, Azərbaycan və Belarus arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması mexanizmi adətən hökumətlərarası razılaşma və ya saziş əsasında tətbiq olunur və bu zaman tərəflər bir-birinin verdiyi milli sürücülük vəsiqələrini hüquqi baxımdan etibarlı hesab edir:
“Praktikada bu o deməkdir ki, Azərbaycan vətəndaşı Belarusda əlavə imtahan vermədən avtomobil idarə edə bilər. Əksər hallarda vəsiqənin dəyişdirilməsi tələb olunmur, lakin uzunmüddətli yaşayış halında yerli vəsiqə ilə əvəzləmə tələbi yarana bilər. Bəzi texniki prosedurlar məsələn, vəsiqənin etibarlılıq müddətinin yoxlanılması, kateqoriyaların uyğunluğu və tibbi arayış kimi məsələlər qalmaqda davam edə bilər, amma ümumilikdə proses xeyli sadələşdirilir və bürokratik maneələr azalır. Bu qərar yük və sərnişin daşımalarına müsbət təsir göstərə bilər, çünki sürücülərin əlavə icazə və ya sənəd alma zərurəti azalır, bu isə logistika şirkətləri üçün xərclərin və vaxt itkisinin azalmasına səbəb olur. Nəticədə daşımaların sürəti artır, marşrutların təşkili daha çevik olur və iki ölkə arasında ticarət dövriyyəsi genişlənə bilər. Eyni zamanda, sərnişin daşımalarında ,xüsusilə ,turizm və fərdi səfərlər sahəsində daha rahat və əlçatan hərəkət imkanı yaranır ki, bu da qarşılıqlı səfərlərin sayını artıra bilər. Bu təcrübə digər ölkələrlə də tətbiq oluna bilər və bu, əsasən, ikitərəfli münasibətlərin səviyyəsindən, hüquqi bazanın uyğunluğundan və yol hərəkəti standartlarının bir-birinə yaxınlığından asılıdır. Azərbaycan artıq bəzi ölkələrlə oxşar razılaşmalara malikdir və gələcəkdə ,xüsusilə,region ölkələri, MDB məkanı və ticarət əlaqələrinin güclü olduğu dövlətlərlə bu cür mexanizmlərin genişləndirilməsi real görünür. Bu isə ölkənin tranzit və logistika mərkəzi kimi rolunu daha da gücləndirə bilər və beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırar”.
Ədilə Hüseynzadə