00:00:00
Yazar
Ayan Sadi
01.09.2026 22:56 110 2 dəq oxuma
Siyasət

Azərbaycan və Çin əlaqələri genişləndirir

Azərbaycan və Çin əlaqələri genişləndirir

Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

 

Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər hüquqi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

İmzalanan memorandum Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsini və hüquqi sahədə əlaqələrin gücləndirilməsini nəzərdə tutur.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev bildirib ki, Azərbaycan və Çin prokurorluqları arasında əməkdaşlıq memorandumunun imzalanması iki ölkə arasındakı ikitərəfli münasibətlərin yeni müstəviyə daşındığını göstərən mühüm hadisədir.

 

"Bu hüquqi sənəd təkcə qurumlararası əlaqələrin tənzimlənməsi ilə məhdudlaşmır, həm də ölkələrarası siyasi dialoqun keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir. Çin kimi qlobal güclə hüquqi müstəvidə əməkdaşlığın dərinləşməsi Azərbaycanın xarici siyasətində çoxtərəfli balans siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Tərəflər arasında hüquq-mühafizə orqanları səviyyəsində qurulan bu etimad mühiti ümumi siyasi münasibətlərin daha da möhkəmlənməsinə güclü zəmin yaradır". 

 

Z.Əmrəliyev hesab edir ki, Çinlə hüquq-mühafizə və prokurorluq sahəsində əlaqələrin gücləndirilməsi Azərbaycanın beynəlxalq təhlükəsizlik və hüquqi diplomatiya siyasətində mühüm rol oynamasına şərait yaradır.

 

"Beynəlxalq cinayətkarlıqla, transsərhəd hüquqpozmalarla və təhlükəsizlik çağırışları ilə mübarizədə təcrübə mübadiləsinin aparılması ölkəmizin qlobal təhlükəsizlik arxitekturasındakı fəal iştirakını artırır. Hüquqi diplomatiya vasitəsilə qurulan bu cür tərəfdaşlıqlar Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir və ölkəmizin hüquq-mühafizə sisteminin imicini yüksəldir".

 

Siyasi şərhçi bildirir ki, memorandumun imzalanması Azərbaycan-Çin münasibətlərində yalnız hüquqi müstəvi ilə məhdudlaşmayan, daha geniş və əhatəli strateji tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. 

 

 

"Son illərdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, yaşıl enerji və ticarət sahələrində əldə olunan irəliləyişlər hüquqi sahədəki bu inteqrasiya ilə tamamlanır. "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində tərəfdaşlıq edən dövlətlər təhlükəsizlik və hüquqi tənzimləmə sahəsində də birgə mexanizmlər qurmağa xüsusi önəm verir". 

 

O əlavə edib ki, prokurorluqlararası əməkdaşlıq sənədi gələcəkdə iqtisadi layihələrin hüquqi təminatının gücləndirilməsinə və təhlükəsiz mühitin qorunmasına xidmət edə bilər.

 

"Nəticə etibarilə, bu memorandum iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişaf etdiyini, strateji xarakter daşıdığını və gələcək illər üçün etibarlı təməl üzərində qurulduğunu əyani şəkildə sübut edir".

 

 

Aişə Mustafayeva

#azərbaycan #baki #əlaqələri #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər