00:00:00
Yazar
Zəri Bayramlı
24.09.2026 22:13 57 2 dəq oxuma
Siyasət

Azərbaycan və Estoniya: Rəqəmsal tərəfdaşlıqdan Mərkəzi Asiyaya körpü

Azərbaycan və Estoniya: Rəqəmsal tərəfdaşlıqdan Mərkəzi Asiyaya körpü

İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib.Son zamanlar Azərbaycanın Baltikyanı ölkələrlə (Estoniya, Latviya, Litva) təmasları intensiv xarakter alıb. Bu ölkələrin həm Avropa İttifaqı (Aİ), həm də NATO üzvü olması Bakı ilə Aİ arasındakı strateji tərəfdaşlığı daha da möhkəmləndirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov bildirib ki, Bu addım Azərbaycan-Estoniya əlaqələrinin iqtisadiyyatın, biznesin və rəqəmsal transformasiyanın bir çox sahələrini əhatə edən intensiv inkişaf mərhələsinə keçdiyini göstərir:

 

"Səfirliyin açılması diplomatik əlaqələrin artıq sadəcə ikitərəfli dialoqla məhdudlaşmadığını, həm də strateji xarakter daşıyan layihələr üçün möhkəm zəmin yaratdığını sübut edir. Bu, iki ölkə arasında işüzar dairələrin əlaqələrini sıxlaşdırmaqla yanaşı, Estoniyanın Cənubi Qafqaz regionu və Azərbaycan üzərindən Mərkəzi Asiya respublikalarına çıxışını təmin edən xarici siyasət kursunun ana xəttini formalaşdırır. Aİ-yə üzv ölkələrlə ikitərəfli münasibətlər nə qədər dərinləşərsə, Azərbaycanın Avropa İttifaqı ilə ümumi strateji tərəfdaşlığı da bir o qədər möhkəmlənir. Əlavə olaraq, Baltikyanı ölkələrlə qurulan bu sıx tərəfdaşlıq Azərbaycanın gələcəkdə Skandinaviya ölkələri kimi daha geniş coğrafiyalarla da əlaqələrini inkişaf etdirməsinə körpü rolu oynayır".

 

 

Millət vəkilinin sözlərinə görə, iki ölkə arasında ən perspektivli kəsişmə nöqtəsi rəqəmsal idarəetmə təcrübəsinin mənimsənilməsi və logistik inteqrasiyadır:

 

"Estoniya rəqəmsal transformasiya və İT sahəsindəki qabaqcıl təcrübəsini bölüşməkdə, Azərbaycan isə Qara dəniz üzərindən və Orta Dəhliz çərçivəsində beynəlxalq yükdaşımalarda tranzit imkanlarını təqdim etməkdə maraqlıdır. Bu kəsişmədə rəqəmsal logistika platformalarının qurulması, regional yükdaşımaların rəqəmsal idarə olunması, xüsusilə, Estoniyanın Azərbaycan üzərindən Mərkəzi Asiya pazarlarına rəqəmsal və nəqliyyat marşrutları ilə inteqrasiyasını nəzərdə tutan birgə layihələr reallaşa bilər".

 

 

Azər Allahverənov bu yanaşmanın Estoniya və digər Baltikyanı ölkələrin Azərbaycanı təkcə etibarlı tərəfdaş kimi deyil, həm də beynəlxalq humanitar hüquqa və mənəvi dəyərlərə sadiq dövlət kimi qəbul etməsinin göstəricisi olduğunu bildirib:

 

 

"Azərbaycanın müharibədən əziyyət çəkən insanlara göstərdiyi humanitar yardım onun "humanitar diplomatiya"sının uğuru kimi qiymətləndirilir. Estoniya tərəfi Azərbaycanın bu humanist mövqeyini yüksək dəyərləndirərək, məhz bu ortaq mənəvi dəyərlər üzərindən siyasi dialoqu dərinləşdirməkdə və Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməkdə maraqlı olduğunu nümayiş etdirir”.

 

Fatimə İbrahimova

#estoniya: #körpü #tərəfdaşlıqdan #baki #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər