Azərbaycan və Fransa arasında münasibətlərin gərginləşməsinin əsas səbəbkarı məhz Fransa olub
Fevralın 13-15-də 62-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir ərəfəsində bir sira rəsmi görüşlər keçirib, Azərbaycan telekanallarına və "France 24" telekanalına müsahibə verib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az” a açıqlamasında bildirib ki, İlham Əliyevin France 24 telekanalına verdiyi müsahibə, xüsusilə Fransa dövlətini və cəmiyyətini maarifləndirmək baxımından olduqca önəmlidir:
“Çünki orada toxunulan məsələlər və suallara verilən cavablar Fransa cəmiyyəti üçün bir çox məqamlara aydınlıq gətirir. Bildiyimiz kimi, Fransa dövləti son dövrlərdə anti-Azərbaycan ritorikası ilə seçilir. Təbii ki, bu yanaşma Fransa cəmiyyətinə də sirayət edir. Bu baxımdan Prezidentin verdiyi cavablar Fransanın düşünən kəsimi üçün mühüm aydınlaşdırıcı rol oynayır. Mən hesab edirəm ki, Azərbaycanın gələcəkdə Fransa ilə əməkdaşlığı baxımından bu müsahibə xüsusi əhəmiyyət daşıyır. Çünki çıxışda Fransa-Azərbaycan münasibətlərinə də toxunuldu. Cənab Prezident faktiki olaraq bildirdi ki, biz Fransa ilə görüşməyə və danışmağa hazırıq. Azərbaycan öz jestini edib və indi top Fransanın meydanındadır. Nəzərə almalıyıq ki, Fransa Avropa Birliyinin qurucu dövlətlərindən biridir. Əlbəttə, Fransa ilə münasibətlərin normallaşması və yeni mərhələyə daşınması Azərbaycan-Avropa Birliyi münasibətlərinə də müsbət təsir göstərə bilər. Əgər Fransa Azərbaycanla münasibətlərə müsbət yanaşsa, heç bir problem olmaz. Azərbaycan hər zaman güzəştə getməyə hazır olub və Avropa dövlətləri ilə münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. Azərbaycanın Fransa ilə problemi yoxdur; əgər hər hansı problem varsa, onun qaynağı Azərbaycan deyil. Azərbaycan normal münasibətlərin tərəfdarıdır və istənilən dövlətlə tərəfdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Azərbaycanla münasibətlərin normallaşması üçün Azərbaycan tərəfdən heç bir əngəl yoxdur. Əgər əngəl varsa, bunu, Fransa edir”.
Selcan Xudiyeva
