Azərbaycan və Fransa arasında parlament diplomatiyası məsələləri müzakirə olunub
Azərbaycan və Fransa arasında parlament diplomatiyası çərçivəsində əməkdaşlığın inkişafı və ikitərəfli münasibətlərin perspektivləri müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycan və Fransa arasında parlament diplomatiyası çərçivəsində baş tutan təmaslar dialoqun qorunub saxlanılması baxımından müsbət qiymətləndirilə bilər:
“Bunu münasibətlərdə tamamilə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirmək hələ tezdir. Son illərdə Fransa rəhbərliyinin Ermənistanı açıq şəkildə dəstəkləyən mövqeyi iki ölkə arasında qarşılıqlı etimada ciddi zərbə vurub. Əgər Paris bundan sonra beynəlxalq hüququn prinsiplərinə əsaslanan, daha balanslı və obyektiv siyasət yürüdərsə, parlamentlərarası dialoq münasibətlərin normallaşmasına mühüm töhfə verə bilər. Azərbaycan hər zaman qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlıq prinsipinə sadiq olduğunu nümayiş etdirib. Parlament diplomatiyası dövlətlər arasında yaranan fikir ayrılıqlarının yumşaldılması baxımından mühüm vasitələrdən biridir. Deputatlar arasında birbaşa dialoq qarşılıqlı mövqelərin daha aydın izah edilməsinə, yanlış təsəvvürlərin aradan qaldırılmasına və etimadın bərpasına xidmət edə bilər. Lakin münasibətlərin real yaxşılaşması təkcə parlament səviyyəsində deyil, həm də Fransa dövlətinin ümumi siyasi kursunda daha obyektiv yanaşmanın formalaşmasından asılıdır”.
Deputatın sözlərinə görə, əgər Fransa Cənubi Qafqaz məsələlərində birtərəfli mövqedən uzaqlaşarsa, bu cür görüşlər gələcək əməkdaşlıq üçün daha sağlam zəmin yarada bilər:
“Fransa parlamenti ilə əlaqələrin inkişafı Azərbaycanın mövqeyinin Avropa siyasi dairələrində daha dolğun və obyektiv şəkildə çatdırılması baxımından da əhəmiyyətlidir. Parlament diplomatiyası vasitəsilə Azərbaycan regionda formalaşmış yeni reallıqları, sülh gündəliyini və həyata keçirdiyi beynəlxalq təşəbbüsləri daha effektiv şəkildə təqdim etmək imkanı əldə edir. Bundan əlavə, qarşılıqlı səfərlər və müzakirələr dezinformasiyanın qarşısının alınmasına, siyasi etimadın möhkəmlənməsinə, eləcə də gələcəkdə iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə müsbət təsir göstərə bilər. Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dialoq və qarşılıqlı faydalı əməkdaşlıqdır. Parlament diplomatiyası da bu prinsiplərin həyata keçirilməsinə xidmət edən mühüm mexanizmlərdən biri hesab olunur”.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vətəndaş Şixəliyeva Fidan bildirib ki, düşünürəm ki, parlamentlərarası dialoqun davam etdirilməsi müsbət haldır:
“Bu cür təmaslar fikir ayrılıqlarının müzakirəsi və münasibətlərin normallaşmasına töhfə verə bilər. Fransa kimi nüfuzlu Avropa dövləti ilə münasibətlərin inkişafı Azərbaycanın beynəlxalq platformalarda əməkdaşlıq imkanlarını genişləndirə və siyasi dialoqun güclənməsinə müsbət təsir göstərə bilər”.
Selcan Xudiyeva