00:00:00
Yazar
Nərmin Həşimova
09.07.2026 19:41 100 3 dəq oxuma
Siyasət

Azərbaycan və İordaniya arasında diqqətçəkən razılaşmalar: Hansı sahələrdə yeni imkanlar yaranır?

Azərbaycan və İordaniya arasında diqqətçəkən razılaşmalar: Hansı sahələrdə yeni imkanlar yaranır?

Azərbaycan ilə İordaniya arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə görüşü ikitərəfli münasibətlərin cari vəziyyətinin və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

Milli Məclisin deputatı Azər Allahverənov “İnformator.az”açıqlamasında bildirib ki, Prezident İlham Əliyevlə İordaniyanın Baş nazirinin müavini və Miqrasiya Məsələləri Nazirinin görüşü olduqca əhəmiyyətli görüşdür: 


“Ən azından ona görə ki, Azərbaycanla İordaniya arasında olan tərəfdaşlıq münasibətləri bir çox parametrlərinə görə kifayət qədər sabit və inkişaf üçün böyük potensiala malik münasibətlər kimi xarakterizə oluna bilər. Azərbaycanla İordaniya arasında tərəfdaşlıq münasibətləri 1993-cü ildən etibarən qurulub. Hərçənd ki, İordaniya 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb və o vaxtdan etibarən bu münasibətlərin hər zaman sabit qaldığını görürük. Xüsusilə də siyasi müstəvidə bu əlaqələrin qarşılıqlı fayda gətirdiyinə diqqət yetiririk. Bir sıra beynəlxalq platformalarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanla İordaniya bir-birini dəstəkləyir, xüsusilə ərazi bütövlüyünün tanınması məsələsindir. İki ölkə arasında siyasi müstəvidə çox sıx dialoq mövcuddur. Azərbaycan İordaniya üçün Cənubi Qafqaz bölgəsinə və oradan Mərkəzi Asiyaya, Yaxın Şərqə çıxış şəraiti yaradır. Azərbaycan üçün də İordaniya Yaxın Şərqə çıxış deməkdir. Beləliklə, iki ölkə arasında əməkdaşlıq kifayət qədər böyük coğrafiyanı və strateji əhəmiyyətə malik arealı əhatə edir".


Deputat iqtisadi əməkdaşlığın potensialından da danışıb:

 

"Təkcə ticarət dövriyyəsi yox, eyni zamanda, enerji sahəsində əməkdaşlıq üçün geniş potensial var. İordaniya enerji bazarlarından asılı olan ölkələrdən biridir. Türkiyədəki interkonnektorlar vasitəsilə Azərbaycan təbii qazının ixracı ilə bağlı proseslər işə salındıqdan sonra müxtəlif müzakirələrdə İordaniyanın da adı hallanırdı. Gələcəkdə İordaniyanın Azərbaycan təbii qazının istifadəçisi qismində çıxış etməsi bu potensialın reallaşmasına səbəb ola bilər. Yaşıl enerji sahəsində də əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib. İordaniya bu sahəyə xüsusi diqqət göstərir. Bundan əlavə, hərbi sənaye kompleksləri arasında əməkdaşlıq elementləri də diqqət çəkir. Müxtəlif sərgilərdə İordaniyanın hərbi sənaye şirkətlərinin fəal olduğunu görürük ki, bu da qarşılıqlı bazar imkanları yaradır".


Deputat turizm sahəsini də əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi vurğulayıb: 


“İordaniya ilə vizasız gediş-gəlişin tətbiqi iki ölkə arasında turizm münasibətlərinin dərinləşməsinə, qarşılıqlı turist axınının intensivləşməsinə səbəb ola biləcək vacib qərardır. Kənd təsərrüfatı sahəsini də xüsusilə qeyd etmək istərdim".


“İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, İlham Əliyevin Əymən Əs-Safadini qəbul etməsi və burada əldə olunan razılaşmalar mühüm əhəmiyyətə malikdir: 


“Belə ki, Azərbaycanla İordaniya arasında münasibətlər müştərək xətt üzrə inkişaf etməkdədir və artıq tərəflər vizasız gediş-gəliş məsələsini də həll ediblər. Bu, münasibətlərin hansı səviyyədə olmasının bir göstəricisi sayıla bilər. İordaniyanın ərəb dünyasında, Yaxın Orta Şərqdə özünəməxsus rolu və mövqeyi var. Bu baxımdan İordaniya ilə Azərbaycanın münasibətlərinin normallaşması və inkişaf etdirilməsi hər iki tərəfin maraqları baxımından çox vacibdir. İordaniya Yaxın Şərqdə ən sabit və daha dünyəvi ölkələrdən biridir”.


Politoloq onun Fələstin və İsrail məsələlərində oynadığı rolun özünəməxsus olduğunu bildirib: 


"Bundan başqa, ABŞ-nin əsas tərəfdaşlarından biri olmaqla yanaşı, İordaniya İsraillə də münasibətlərini normal şəkildə qurmaqdadır. Ümumiyyətlə, bölgə ölkələrinin əksəriyyəti ilə də İordaniyanın münasibətləri kifayət qədər normaldır və bu münasibətlər ona xüsusi rol qazandırır. Bu baxımdan İordaniya ilə münasibətlərin normallaşması, həm də Azərbaycan tərəfindən inkişaf etdirilməsi vacibdir. Nəzərə alsaq ki, burada hakimiyyətdə olan sülalənin həm də peyğəmbər nəslindən gəldiyi bildirilir, bu amilin də müsəlman dünyasında olduqca mühüm əhəmiyyəti var".


Mehriban Yariyeva

#i̇ordaniya #imkanlar #baki #xəbər #hansı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər