Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr - ŞƏRH
Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulması iki ölkə arasında siyasi və diplomatik münasibətlərin inkişafı üçün yeni mərhələnin əsasını qoyur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Azərbaycanın diplomatik cəhətdən ən zəif təmsil olunduğu bölgələrdən biri Afrika qitəsidir:
“Burada bizim səfirliklərimizin sayı çox deyil. Afrika qitəsində Azərbaycanın tanıdılması, Azərbaycanın orada təşviq edilməsi baxımından bu səfirliyin qurulması dəyərləndirilməlidir. Yəni biz dünyada elə bir boş yer buraxmamalıyıq ki, həmin yerlərdə bizə qarşı kimsə nədənsə istifadə etməyə imkan tapsın. Mərkəzi Afrika Respublikası BMT-də bir səsə malikdir”.
Siyasi şərhçinin sözlərinə görə, bizim xarici siyasətimizdə hər şeydən öncə Afrika qitəsində, digər tərəfdən də az öncə qeyd etdiyim kimi, beynəlxalq platformalarda, xüsusilə, BMT platformasında iş birliyi məsələlərində biz birlikdə hərəkət edə bilərik:
“Azərbaycan addım-addım dünya ölkələrini qazanır, ərəfdaşına çevirir və bu tərəfdaşlıq da nəticə etibarilə Azərbaycana yetərincə fayda verir. Bu baxımdan Mərkəzi Afrika Respublikasını da biz həmin sıraya aid edə bilərik”.
Selcan Xudiyeva