00:00:00
Yazar
Lalə Qafarova
17.02.2026 20:37 27 2 dəq oxuma
Siyasət

Azərbaycan və Macarıstan konsulluq sahəsində yeni ikitərəfli sənədlərin imzalanmasını müzakirə edib

Azərbaycan və Macarıstan konsulluq sahəsində yeni ikitərəfli sənədlərin imzalanmasını müzakirə edib

Bakıda Azərbaycan XİN ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib. Görüşdə konsulluq sahəsində əməkdaşlığın inkişafı, yeni ikitərəfli sənədlərin imzalanması və xidmətlərin rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinə Emil Səfərov, Macarıstan tərəfinə isə Balaş Farkaş rəhbərlik edib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycan və Macarıstan arasında konsulluq sahəsində əməkdaşlığın genişlənməsi yalnız diplomatik münasibətlərin inkişafı demək deyil. Bu addım təhsil sahəsində mübadilə imkanlarının daha sistemli və rahat qurulmasına da töhfə verə bilər:

"Təhsil  mübadiləsində əsas çətinliklər sənədləşmə, viza prosedurları, hüquqi tənzimləmələr və konsulluq xidmətlərinə çıxışla bağlıdır. Qarşılıqlı anlaşmaların genişlənməsi tələbə, müəllim və akademik heyətin hərəkətliliyini daha çevik və təhlükəsiz edə bilər. Bu isə iki ölkə arasında təhsil mübadiləsinin artmasına və əlaqələrin daha planlı, davamlı xarakter almasına şərait yaradar. Konsulluq əməkdaşlığı gücləndikcə prosedurlar sadələşə bilər. Bu, həm Azərbaycan vətəndaşlarının Macarıstanda, həm də Macarıstan vətəndaşlarının Azərbaycanda təhsil alması prosesini asanlaşdıra bilər. Qəbul prosesi, müvəqqəti yaşama icazəsi, təhsil vizası və diplomların tanınması kimi məsələlərdə vaxt itkisi və bürokratik maneələr azala bilər. Beynəlxalq təhsil bazarında rəqabətin artdığı bir dövrdə bu cür addımlar iki ölkə arasında təhsil əlaqələrini daha da möhkəmləndirə bilər".

 

Əmrah Həsənli əlavə edib ki, yeni ikitərəfli sənədlərin imzalanması tələbə və müəllim mübadilə proqramlarının artmasına real zəmin yarada bilər. Bu sənədlər adətən konkret mexanizmləri müəyyən edir. Buraya qarşılıqlı təqaüd proqramlarının genişləndirilməsi, diplomların tanınması, birgə elmi layihələrin dəstəklənməsi və universitetlər arasında əməkdaşlığın rəsmi çərçivəyə salınması daxildir. Sənədlər praktik icra mexanizmləri ilə müşayiət olunarsa, təkcə tələbə mübadiləsi deyil, müəllimlərin qısamüddətli tədris səfərləri və birgə elmi konfranslar da arta bilər. Bu, akademik təcrübə mübadiləsini gücləndirər və təhsilin keyfiyyətinə müsbət təsir göstərər.

 

Ekspert həmçinin bildirib ki, konsulluq xidmətlərinin rəqəmsallaşdırılması xaricdə təhsil almaq istəyən gənclər üçün mühüm üstünlükdür. Rəqəmsal xidmətlər sənədlərin onlayn qəbulu, elektron qeydiyyat və müraciət prosesinin izlənməsi imkanı yaradır. Vaxt təyini sistemi daha səmərəli işləyir və məlumatlandırma şəffaflaşır. Bu, tələbələrin vaxt itkisini azaldır və müraciət prosesində qeyri-müəyyənliyi minimuma endirir. Regionlarda yaşayan və Bakıya tez-tez gəlmək imkanı olmayan gənclər üçün də daha əlverişli şərait formalaşır.

 

Ümumilikdə, Azərbaycan və Macarıstan arasında konsulluq sahəsində əməkdaşlığın dərinləşməsi təhsil əlaqələrinə birbaşa dəstək verən mühüm addım kimi qiymətləndirilə bilər. Bu proses tələbə və müəllimlərin beynəlxalq təcrübə qazanmasını asanlaşdıra, təhsil mübadiləsini sürətləndirə və iki ölkə arasında akademik əlaqələrin daha geniş və davamlı inkişafına şərait yarada bilər.

 

Reyhan Quliyeva

#yeni #sahəsində #imzalanmasını #edib #ikitərəfli
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər