00:00:00
Yazar
Nərmin Həşimova
14.05.2026 21:34 184 3 dəq oxuma
Siyasət

"Azərbaycan və Pakistan arasında münasibətlər  qardaşlıq və dostluq əlaqələrinə əsaslanır"- DEPUTAT

"Azərbaycan və Pakistan arasında münasibətlər qardaşlıq və dostluq əlaqələrinə əsaslanır"- DEPUTAT

Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında baş tutan telefon danışığı iki ölkə arasındakı strateji tərəfdaşlığın və qardaşlıq münasibətlərinin növbəti dəfə təsdiqi kimi qiymətləndirilir. Söhbət zamanı tərəflər ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və qlobal gündəmdə yer alan mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və onun beynəlxalq əhəmiyyəti də müzakirə olunub.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, telefon danışığında iki mühüm istiqamət xüsusi diqqət çəkir: 


“Birincisi, Pakistanla Azərbaycan arasındakı münasibətlər, ikincisi isə Şəhərsalma Forumu ilə bağlı məsələlərdir. Azərbaycan və Pakistan arasında münasibətlər strateji mahiyyət daşıyan qardaşlıq və dostluq əlaqələrinə əsaslanır. Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlığın ən yüksək səviyyədə təmin olunduğunu görürük. Müxtəlif platformalarda- həm siyasi, həm də digər formatlarda keçirilən tədbirlərdə Pakistanın hər zaman Azərbaycanın yanında olması, Azərbaycanın da hər zaman Pakistanın yanında yer alması çox vacib amildir. Nəzərə alsaq ki, bu münasibətlərin tarixi kökləri mövcuddur, məhz həmin tarixi köklər, dini bağlılıq və qardaşlıq prinsiplərinə söykənən münasibətlər həm iki dövlət arasında əlaqələrin, həm də xalqlar arasındakı münasibətlərin yüksək səviyyədə inkişaf etdirilməsinə xidmət edir. Bu da nəticə etibarilə Avrasiya qitəsində çox vacib strateji bağların, xüsusilə Azərbaycan-Pakistan və bir qədər də geniş baxsaq Türkiyə-Azərbaycan-Pakistan vektoru üzrə inkişaf etdirilməsini olduqca əhəmiyyətli edir. Bu isə siyasi müstəvidə mühüm əhəmiyyət daşıyır”.


Deputat qeyd edib ki, Şəhərsalma Forumu isə, şübhəsiz ki, olduqca vacib hadisə kimi dəyərləndirilə bilər:


“Çünki Şəhərsalma Forumu COP formatından sonra BMT səviyyəsində həyata keçirilən beynəlxalq tədbirlərdən biridir, yəni COP-dan sonra ikinci ən mühüm platformalardan sayılır. Faktiki olaraq bu forum COP-un bir növ məntiqi davamı kimi təşkil olunan tədbirlər silsiləsidir. Nəzərə alsaq ki, Azərbaycan Şəhərsalma Forumuna ev sahibliyi etməklə çoxsaylı xarici qonaqların ölkəmizə təşrif buyurmasına şərait yaradır və müasir dövrün tələblərinə cavab verən şəhərsalma mövzusunun geniş şəkildə müzakirəsi üçün imkan formalaşdırır, nəticə etibarilə ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirməklə beynəlxalq münasibətlər sistemində vacib tərəfdaş olduğunu göstərmiş olur.
Bu baxımdan nəzərə alsaq ki, Azərbaycan şəhərsalma sahəsində çox mühüm layihələr həyata keçirməkdədir, təkcə Bakı şəhərində deyil, eyni zamanda digər bölgələrdə də vacib layihələr icra olunur. Məsələn, işğaldan azad olunan ərazilərdə böyük infrastruktur layihələrinin həyata keçirilməsi, bərpa-quruculuq işləri, eyni zamanda həmin ərazilərdə yeni texnologiyaların tətbiqi ilə genişmiqyaslı işlərin görülməsi həqiqətən də dünya üçün vacib nümunələrdən biridir. Çünki Azərbaycan işğaldan azad olunan ərazilərdə şəhərsalma işlərini həm yüksək səviyyədə, həm sürətli, həm də kifayət qədər geniş miqyasda həyata keçirməyə nail olur. Xatırlatmaq kifayətdir ki, Azərbaycan qısa müddət ərzində həmin ərazilərdə üç beynəlxalq hava limanını istifadəyə verib, yüzlərlə kənd, qəsəbə və şəhərdə eyni vaxtda bərpa işləri aparıb. Bununla yanaşı, yaşıl enerji və digər müasir texnologiyalara əsaslanan infrastrukturun qurulması nəticəsində olduqca uğurlu inkişaf modeli ortaya qoyulub”.


Deputat vurğulayıb ki, Şəhərsalma Forumunda bu istiqamətdə çıxış etməklə Azərbaycan həm həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat vermək, həm də öz təcrübəsini bölüşmək imkanı qazanır:


“Eyni zamanda, dünyanın müxtəlif dövlətlərindən iştirak edən nümayəndələr qabaqcıl təcrübələrlə tanış olmaq imkanı əldə edirlər. Bu baxımdan forum həm siyasi nöqteyi-nəzərdən Azərbaycanın beynəlxalq imicinin güclənməsinə xidmət edir, həm də ətraf mühit, infrastruktur layihələri, yaşıl enerji və digər sahələr üzrə təcrübə mübadiləsinin aparıldığı vacib platformaya çevrilir. Burada bir məqamı da unutmayaq ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları da bu prosesdə kifayət qədər fəaldır. Məsələn, vətəndaş cəmiyyəti institutlarının təşəbbüsü ilə müxtəlif pavilyonlarda müzakirələr təşkil olunacaq. Qlobal platformaların nümayəndələri, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT platformaları çərçivəsində iştirak edən təmsilçilərlə çoxsaylı görüş və tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu da bütövlükdə vətəndaş cəmiyyəti institutlarının prosesə əlavə töhfə verməsi ilə nəticələnərək, Şəhərsalma Forumu formatında ictimai dialoqun uğurlu şəkildə qurulması üçün əlverişli mühit formalaşdırmış olacaqdır".


Mehriban Yariyeva

#Azərbaycan #Pakistan #əlaqələr #tərəfdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər