00:00:00
Yazar
Elmira Ağayeva
13.05.2026 20:17 20 2 dəq oxuma
Siyasət

Azərbaycan və Pakistan liderləri qlobal gündəmi müzakirə edib

Azərbaycan və Pakistan liderləri qlobal gündəmi müzakirə edib

İlham Əliyev və Şahbaz Şərif telefon danışığı zamanı qlobal gündəmi və regional prosesləri müzakirə ediblər. Tərəflər WUF13 forumuna hazırlıq məsələlərinə də toxunub, iki ölkə arasında ticarət, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Pakistanın Baş naziri Azərbaycanın forumun təşkilindəki rolunu yüksək qiymətləndirib və ölkəsinin tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan dost ölkələrdir və bu münasibətlər getdikcə daha da möhkəmlənir:

 

 

“Bu əməkdaşlıq həm Azərbaycan, həm də Pakistan üçün olduqca əhəmiyyətlidir. Pakistan nüvə dövləti olmaqla yanaşı, böyük hərbi gücə və geniş insan potensialına malikdir. Eyni zamanda, Azərbaycan mühüm logistika marşrutları üzərində yerləşən və ciddi geostrateji üstünlüklərə sahib olan dövlətdir.

 

 

 

Azərbaycanın Pakistana investisiya yatırmaq, Pakistanın isə Azərbaycanda müxtəlif layihələrdə iştirak etmək imkanları mövcuddur. Bu isə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafı və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş perspektivlər yaradır.

 

 

 

Bundan əlavə, hərbi sahədə əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Çünki hazırda dünyada təhlükəsizlik məsələləri demək olar ki, bütün digər sahələrdən daha çox ön plana çıxır”.

 

 

 

Əli Mustafanın fikrincə, Pakistan bu baxımdan Azərbaycan üçün etibarlı tərəfdaş hesab olunur:

 

 

“Nüvə dövləti olan Pakistan Azərbaycanın təhlükəsizlik çərçivəsinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Türkiyə ilə mövcud olan sıx əməkdaşlıq isə bu təhlükəsizlik təminatlarını daha da gücləndirir.

 

Pakistan Yaxın Şərqlə bağlı məsələlərdə ABŞ, İsrail və İran arasında müharibənin dayandırılmasında, qarşılıqlı anlaşma və uzlaşmanın əldə olunmasında maraqlıdır. Azərbaycan da bu mövqeni bölüşür. Çünki yerləşdiyi regionda müharibənin baş verməsində maraqlı deyil. Belə bir münaqişə bütün region üçün ciddi risklər yarada bilər.

 

 

Müsəlman dünyasının bir hissəsi olan Azərbaycan ölkədə dağıntıların deyil, rifah və sabitliyin hökm sürməsini vacib hesab edir. Bu baxımdan ABŞ–İran qarşıdurmasının qarşısının alınması istiqamətində Pakistanın həyata keçirdiyi vasitəçilik səylərinə Azərbaycanın da müəyyən dəstək verə biləcəyi ehtimal olunur.

 

Bu məsələlərin dövlət başçıları arasında müzakirə olunması da istisna deyil. Ümumilikdə, regional sülh və təhlükəsizlik məsələlərində son dövrlərdə Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının oxşar mövqelər nümayiş etdirdiyi müşahidə olunur.

 

 

Bununla yanaşı, Azərbaycan, Türkiyə və Pakistan arasında uzun illərdir davam edən strateji əməkdaşlıq və yaxın münasibətlər mövcuddur. Bu səbəbdən Azərbaycan və Pakistanın birgə fəaliyyət imkanları kifayət qədər genişdir.

 

 

Həm dost və tərəfdaş ölkələr olmaları, həm də fərqli resurslara malik olmaları əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Görünür, bu məsələlər də ikitərəfli danışıq zamanı diqqət mərkəzində olub”.

 

 

Mələk Hüseynova

#Azərbaycan #Pakistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər