Azərbaycan və Serbiya arasında əməkdaşlıq güclənir
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə Serbiyanın alyansdakı nümayəndəliyinin rəhbəri Branimir Filipoviç ilə ikitərəfli münasibətləri müzakirə edib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev İnformator.aza açıqlamasında bildirib ki, Azərbaycan-NATO əlaqələri hələ 90-cı illərin ortalarına təsadüf edir:
“Sülh naminə tərəfdaşlıq proqramı ilə əsası qoyulub və demək olar ki, bu tarixdən etibarən Azərbaycanın silahlı qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ordu quruculuğunda dərin islahatlar aparılıb və biz bu islahatların bariz nümunəsini istər 2016-cı ilin aprel döyüşlərində, istər 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri zamanı şahidi olduq ki, daha çevik, xüsusi təyinatlı qüvvələrin bilavasitə həyata keçirmiş olduğu hərbi əməliyyatlar real müharibə şəraitində öz sözünü deyir. Serbiya-Azərbaycan əlaqələri Avropanın az saylı ölkələrindəndir ki, Serbiya Azərbaycanla həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli formatlarda əməkdaşlıq ruhundadır və NATO çərçivəsində də hər iki ölkə nümayəndə heyətinin məşvərət və məsləhət aparması bu baxımdan həm məntiqə uyğundur, həm də digər sahələrdə olan əməkdaşlığın məntiqi davamı kimi qiymətləndirilə bilər”.
Həmçinin politoloq qeyd edib ki, Azərbaycanın NATO ilə əlaqələri gücləndirməsi regionda güc balansı baxımından, xüsusilə də, Azərbaycana və Azərbaycanın təhlükəsizliyinə qarşı təhdid ola biləcək ölkələrə münasibətdə bir çəkindirici faktor rolunu oynaya bilər:
“Nəzərə alsaq ki, NATO-nun əsas ölkələrindən biri olan qardaş Türkiyə Respublikası ilə Azərbaycanın həm də Şuşa Bəyannaməsi çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində ayrıca bir əməkdaşlıq öhdəliyi formalaşıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın NATO hərbi alyansı ilə, onun ayrı-ayrı üzvləri ilə ikitərəfli əməkdaşlığı həm bu alyansın hədəf və məqsədlərinə, eyni zamanda Azərbaycanın milli təhlükəsizliyi və milli suverenliyinə qarşılıqlı formada töhfə verən əməkdaşlıq platformasıdır və Serbiya ilə də əməkdaşlığın genişləndirilməsi həm hərbi, həm iqtisadi, ticari kontekstdə dinamik mahiyyətə malikdir. Nəzərə alsaq ki, hər iki ölkə rəhbərlərinin şəxsi münasibətləri dövlətlərarası münasibətlərin inkişafında xüsusi rola malikdir və ölkə liderlərinin qarşılıqlı səfərləri zamanı əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində yeni müqavilə və sazişlərin imzalanması bu əməkdaşlığı daha da möhkəmləndirir”.
Günel Əlili