Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub
Aprelin 2-də Bakıda Azərbaycan və Tacikistan Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az” a açıqlamasında bildirib ki,Tacikistanla əməkdaşlıq Azərbaycan üçün faydalıdır və risk yaratmır:
“Azərbaycan bütün türk dilli ölkələrlə yaxından əməkdaşlığa böyük önəm verir. Tacikistan da bu kontekstdə diqqət çəkən tərəfdaşlardan biridir. Tacikistan heç də zəif və gözardı edilə biləcək ölkələr sırasında deyil. Əksinə, bu ölkə ilə əməkdaşlıq gələcək perspektiv baxımından Azərbaycan üçün mühüm töhfələr vəd edir. Ümumilikdə, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişafı Azərbaycanın maraqlarına zidd deyil. Əksinə, münasibətlərin dərinləşməsi hər iki tərəf üçün faydalıdır. Gələcəkdə Azərbaycanda və ya Tacikistanda konsulluqların açılması da münasibətlərin inkişafı baxımından müsbət və sevindirici addım olardı. Qeyd etmək lazımdır ki, konsulluq məsləhətləşmələrinin əsas məqsədlərindən biri də Azərbaycanın türk dünyası ilə sıx əməkdaşlığa sadiqliyini nümayiş etdirməkdir. Tacikistanın da Azərbaycanla münasibətlərdə səmimi mövqe sərgilədiyini nəzərə alsaq, rəsmi Bakının bu yanaşmanı yüksək qiymətləndirdiyi aydın görünür. Ümumilikdə, Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələr hər zaman yüksək səviyyədə olub və bu münasibətlər hazırda da yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan digər tərəfdaş ölkələrlə olduğu kimi, Tacikistanla da siyasi, iqtisadi və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir. Gələcəkdə konsulluqların açılıb-açılmamasından asılı olmayaraq, Azərbaycan Tacikistanla əlaqələrin inkişafında maraqlıdır. Regionda bu cür əməkdaşlıq münasibətləri sabitliyin möhkəmlənməsinə və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Bu baxımdan, Tacikistan kimi bir ölkə ilə yaxın əməkdaşlığın Azərbaycan üçün heç bir mənfi tərəfi yoxdur”.

Arzu Poladova