Azərbaycan və Türkiyə arasında 500 milyon dollarlıq müqavilə: Razılaşmanın detalları nədir?
Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Azərbaycan və Türkiyə arasında imzalanan 500 milyon ABŞ dollarından çox dəyəri olan yeni müdafiə sənayesi sazişləri iki ölkənin hərbi aviasiya, radar, ağıllı sursat və sahil müdafiə sistemləri üzrə təchizat və əməkdaşlığını gücləndirməyi hədəfləyir:
“Bu məsələ hər iki ölkə arasında hərbi sahədə də qarşılıqlı münasibətlərin inkişaf etdiyini göstərir. Burada əsasən Azərbaycan Ordusunun müasir texnologiyalarla təchizatının artırılması nəzərdə tutulur”.
Siyasi şərhçi əlavə olaraq bildirib ki, Türkiyə istehsalı olan sistemlərlə inteqrasiyanın dərinləşdirilməsi ön plandadır:
“Həmçinin Cənubi Qafqazda sabitliyə və strateji müttəfiqliyə dəstək xarakteri daşıyır. Bu amil həm də birgə istehsal və yerli imkanların artması prosesini sürətləndirir”.
Onun sözlərinə görə, müdafiə şirkətləri arasında birgə tədqiqat və inkişaf fəaliyyətlərini də stimullaşdırır. O bildirib ki, bütün bunların fonunda Hərbi qüvvələrin döyüş meydanında koordinasiyasını maksimum səviyyəyə qaldırır. Odur ki, hər iki ölkənin birgə müdafiə sənayesi layihələrinin genişlənməsinə bu münasibətlər müsbət təsirini göstərir.
Səadət Əlizadə