00:00:00
Yazar
Aysel Mirzəyeva
06.04.2026 21:29 23 2 dəq oxuma
Siyasət

Azərbaycan və Uqanda arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan və Uqanda arasında əməkdaşlıq genişləndirilir

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Uqandanın Xarici İşlər Nazirliyinin beynəlxalq məsələlər üzrə dövlət naziri Henri Okello Oryemin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “In­formator.az”a açıqlamasında bildirib ki, görüş zamanı Azərbaycan ilə Uqanda arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri geniş şəkildə müzakirə olunub:

 

“Diplomatik münasibətlərin qurulduğu son 30 ildə əlaqələrin sürətlə inkişafından məmnunluq ifadə olunub. Uqanda başda olmaqla bir çox Afrika ölkəsi üçün Azərbaycan qərb ilə şərq arasında yerləşən unikal inkişafa nail olan örnək ölkədir. Buna görə də, son illərdə Afrika ölkələrinin Azərbaycana marağı artıb, Bakının da regionda yeni maraqları formalaşıb. Somali, Efiopiya, Ruanda və Uqanda Azərbaycanın təcrübəsini öyrənir. Məsələn, ‘ASAN xidmət’ modeli əsasında Uqandada fəaliyyət göstərən Dövlət Xidmətləri Mərkəzləri bu təcrübənin praktik reallığıdır. Bakı Afrika regionundan tələbələrin SSRİ dövründə olduğu kimi cəlbində maraqlıdır. Beləcə, gələcəkdə münasibətlər daha da inkişaf edə bilər. Bundan başqa, inkişaf etməkdə olan Azərbaycan sənayesi üçün Afrika ölkələri, o cümlədən Uqanda, ucuz xammal bazarı rolunu oynayır. Qeyd etmək lazımdır ki, Bakının regionla bağlı imperiyal maraqları olmadığı üçün Afrika ölkələri Azərbaycanla əməkdaşlığa isti baxır”.


Politoloq həmçinin qeyd edib ki, Henri Okello Oryemin ilə Ceyhun Bayramov arasında görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparılıb:

 

“İstisna deyil ki, fikir mübadiləsi aparılan mövzulardan biri ABŞ, İsrail və İran gərginliyi olub. Məsələ ondadır ki, Uqanda regiondan uzaq olsa da, ABŞ, İsrail və İran gərginliyi fonunda bu ölkədən iddialı açıqlamalar səslənir. Məsələn, Uqanda ordusunun komandiri Muhuzi Kayneruqaba sosial media hesabında yazıb ki, Tehranı ələ keçirmək üçün onlara ən çox iki həftə lazımdır. Bundan öncə də o, İsrail tərəfdən müharibəyə qoşula biləcəklərini elan edib. 1970-ci illərdə İdi Amin Dada dövründə Uqanda İsrailə qarşı açıq düşmənçilik mövqeyi tuturdu və Fələstin müstəqillik hərəkatını dəstəkləyirdi. Hətta 1976-cı ilin avqustunda Fələstinli bir qrup silahlı Almaniyanın Münhen şəhərində keçirilən Olimpiya Oyunları zamanı İsrail idmançıları girov götürüldükdən sonra Kampala hava limanına enib. Aminin bu qərarı həm Fələstin hərəkatına dəstək verib, həm də ərəb dünyasında nüfuz qazanmağa çalışıb. Lakin 1979-cu ildə Amin devrildikdən sonra Uqandanın xarici siyasəti köklü şəkildə dəyişib. Yeni rəhbərlik İsraillə münasibətləri normallaşdırmaq və beynəlxalq arenada balanslı mövqe sərgiləmək yolunu seçib. Muhuzi Kayneruqabanın son açıqlamaları ABŞ və İsrailin dəstəyini qazanmağa hesablanıb. Henri Okello Oryemin ilə Ceyhun Bayramov arasında görüş zamanı bu məsələ müzakirə olunmuş ola bilər. Bakı balans siyasətini və regional reallıqları Kampalanın diqqətinə çatdırıb”.


Günel Əlili

#xəbər #arasında #yeni #azərbaycan #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər