00:00:00
Yazar
Zəhra Həsənova
20.07.2026 22:27 42 3 dəq oxuma
Sosial

“Azərbaycan Yaxın və Orta Şərqin ən qədim şəhər mədəniyyəti mərkəzlərindən biridir” - Sosioloq

“Azərbaycan Yaxın və Orta Şərqin ən qədim şəhər mədəniyyəti mərkəzlərindən biridir” - Sosioloq

BMT platformasında Azərbaycanın iqlim dəyişiklikləri və dayanıqlı şəhərsalma sahəsində həyata keçirdiyi təşəbbüslər diqqətə çatdırılıb. Tədbirdə ölkənin ekoloji davamlılığın gücləndirilməsi, yaşıl şəhər konsepsiyasının inkişafı, iqlim çağırışlarına uyğun urbanizasiya siyasəti və beynəlxalq əməkdaşlıq istiqamətində əldə etdiyi təcrübə iştirakçılarla bölüşülüb. Qeyd olunub ki, bu yanaşmalar şəhərlərin dayanıqlılığının artırılması və iqlim risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, “yaşıl şəhər” konsepsiyası Azərbaycan üçün yalnız müasir urbanizasiya modeli deyil, həm də ölkənin qədim şəhərsalma ənənələrinin davamıdır. Azərbaycan tarixən Yaxın və Orta Şərqin ən qədim şəhər mədəniyyəti mərkəzlərindən biri olub:

 

“Azərbaycan təkcə coğrafi məkan deyil. Bu ərazilərdə tarixən 26-dan artıq böyük şəhər formalaşıb. XII əsrdə Təbriz kimi yarım milyon əhalisi olan şəhərlər mövcud idi. Bu isə Azərbaycanın qədim şəhər mədəniyyətinə malik olduğunu göstərir. Azərbaycanın qədim şəhərləri memarlıq və şəhərsalma baxımından həm milli, həm də bəşəri irsin mühüm nümunələridir. Ölkənin şəhərsalma təcrübəsi beynəlxalq səviyyədə də maraq doğurur. Azərbaycanın qədim şəhərsalma təcrübəsi göstərir ki, cəmiyyətimiz bu sahədə həm tarixi, həm də müasir ənənələrə malikdir. Bu baxımdan urbanizasiya siyasəti Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Hazırda Azərbaycanda yarım milyondan çox əhalisi olan şəhərlərin sayı cəmi üçdür. Ölkənin şəhər potensialı nəzərə alınarsa, gələcəkdə iri şəhərlərin sayının artması üçün imkanlar mövcuddur. Əsas məsələ şəhərlərin sayını artırmaq deyil, onların dayanıqlığını gücləndirməkdir. İqlim risklərinin artdığı bir dövrdə yaşıl şəhər, yaşıl məkan və yaşıl iqlim prinsiplərinin tətbiqi dövlətin və cəmiyyətin bu istiqamətdə həssas və çevik davrandığını göstərir. Yaşıl şəhərlər sosial davranışlara, insanların həyat keyfiyyətinə və təhlükəsizliyinə birbaşa təsir göstərən amillərdəndir. Bu gün dünyada qəbul olunan qlobal yanaşmalardan biri də məhz budur. Sosial davranışlar texnologiyaların, şəhər mühitinin və yeni imkanların təsiri ilə daim dəyişir və bu səbəbdən Azərbaycanda yaşıl şəhər konsepsiyası aktuallığını qoruyur. Uzun illər davam edən qanunsuz məskunlaşma və təbii sərvətlərin istismarı həmin ərazilərin ekoloji vəziyyətinə ciddi ziyan vurub. Minalardan təmizləmə, ekoloji bərpa, flora və faunanın yenidən dirçəldilməsi, meşə və yaşıllıq örtüyünün bərpası dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Bu tədbirlər həm əhalinin sağlamlığına, həm rifahına, həm də gələcək nəsillərin təhlükəsizliyinə xidmət edir”, -  o qeyd edib.

 

Naib Niftəliyev vurğulayıb ki, Azərbaycanın yaşıl şəhər və ekoloji bərpa istiqamətində topladığı təcrübə BMT platformasında da mühüm əhəmiyyət daşıyır:

 

“İşğaldan azad olunan ərazilərdə minaların təmizlənməsi, ekoloji tarazlığın bərpası, yaşayış məntəqələrinin təhlükəsiz şəkildə yenidən qurulması qlobal ekoloji təhlükəsizliyə verilən töhfədir.
Həyata keçirilən ekoloji layihələr və sosial təşəbbüslər Azərbaycanın həm humanitar, həm siyasi, həm hərbi, həm də ekoloji baxımdan mövqeyini daha da gücləndirir. Ekosistemin bərpası, yaşıllıq örtüyünün genişləndirilməsi və ekoloji təmizliyə xüsusi diqqət yetirilməsi bütün bu məqsədlərə xidmət edir. Hesab edirəm ki, bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək”.

 

Fatimə Hüseynli

#orta #sosioloq #biridir” #yeni #şərqin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər