Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığında TAP-ın rolu genişlənir
Azərbaycan qazının Avropa bazarına nəqlində TAP layihəsinin strateji əhəmiyyəti, ixrac həcmlərinin artırılması perspektivləri və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında enerji tərəfdaşlığının əsas istiqamətlərini təşkil edir.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki,Azərbaycan-Yunanıstan münasibətlərində Trans-Adriatik Boru Kəməri Avropanın və Yunanıstanın enerji təhlükəsizliyini təmin edən əsas strateji dayaq kimi qiymətləndirilir:
“12 noyabr 2026-cı ildə Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında keçirilən görüşdə bu layihənin önəmi və qaz ixracının artırılması imkanları xüsusi vurğulanıb. Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan TAP iki ölkə arasındakı enerji tərəfdaşlığının təməlini təşkil edir. Layihə Azərbaycan qazının birbaşa Yunanıstana və digər Avropa bazarlarına çatdırılmasını təmin edərək tədarük marşrutlarını diversifikasiya edir. Yunanıstan-Bolqarıstan İnterkonnektoru ilə birlikdə TAP Cənub-Şərqi Avropanın enerji təchizatında mühüm rol oynayır. Kəmərin 878 kilometrlik ümumi uzunluğunun 550 kilometri Yunanıstan ərazisindən keçir. Bu infrastruktur Yunanıstanı Cənubi Qafqazdan Avropa bazarına açılan əsas enerji qapısına çevirir və ölkədə əlverişli enerji qiymətlərinin formalaşmasına dəstək olur. Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə Azərbaycandan Yunanıstana 1,1 milyard kubmetr, 2026-cı ilin ilk səkkiz ayında isə təqribən 700 milyon kubmetr təbii qaz ixrac edilib. TAP istismara verildiyi gündən etibarən Yunanıstana ümumilikdə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunub”.
Politoloq qeyd edib ki,Dublin görüşündə və Azərbaycan-Yunanıstan Hökumətlərarası Komissiyasının 6-cı iclasında əməkdaşlığın yeni mərhələyə keçməsi üçün bir neçə əsas istiqamət müəyyən edilib. Azərbaycanın Avropaya enerji, xüsusilə təbii qaz ixracını genişləndirmək üçün əlavə imkanları mövcuddur.
Liderlər bu potensialı reallaşdırmaq üçün Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyini qeyd ediblər. Tərəfdaşlıq artıq təbii qazla məhdudlaşmır və bərpa olunan enerji mənbələri, təmiz texnologiyalar və enerji keçidi sahələrini də əhatə edir. Xəzər dənizindəki külək və günəş enerjisi potensialının Avropa bazarlarına ötürülməsi üçün regional elektrik enerjisi bağlantılarının qurulması müzakirə olunur. Enerji layihələri ilə paralel olaraq Orta Dəhliz üzərindən nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsi və qarşılıqlı investisiyaların artırılması əsas prioritetlər sırasındadır.
Nurgün Qənizadə