00:00:00
Yazar
Lalə Qafarova
24.02.2026 20:26 20 3 dəq oxuma
Maraqlı

Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

Azərbaycanda ilk dəfə ortaq türk əlifbası ilə poeziya antologiyası nəşr olunub

Azərbaycanda ortaq türk əlifbası ilə hazırlanan ilk poeziya antologiyası nəşr olunub. “Azərbaycan və Türk dünyası: Ortaq əlifbada poeziya” adlı kitabda müxtəlif türk xalqlarına aid şeirlər həm orijinal dildə, həm də ortaq əlifbaya uyğun formada təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, nəşr Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə çap olunub.

 

Mövzu ilə bağlı “İnfomator.az”a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Azərbaycanda ortaq türk əlifbası ilə poeziya antologiyasının nəşri təsadüfi hadisə deyil, bu, uzun illərdir elmi və mədəni müstəvidə müzakirə olunan bir ideyanın praktik ifadəsidir:

 

“Xüsusilə nəşrin Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə ərsəyə gətirilməsi tarixi ardıcıllığın və ideoloji davamlılığın göstəricisidir. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqları arasında ortaq əlifba və dil məsələsini gündəmə gətirib. Bu gün həmin ideyanın yenidən aktuallaşması, əslində, mədəni inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir.

Ortaq türk əlifbası ideyası ilk növbədə kommunikasiya baryerlərini azalda bilər. Türk dilləri eyni dil ailəsinə məxsus olsa da, fərqli əlifbalar səbəbindən qarşılıqlı oxunaqlılıq və anlaşıqlılıq məhdudlaşır. Ortaq qrafik sistem isə ortaq mədəniyyət məkanının formalaşmasına xidmət edə, ədəbiyyatın, elmi mətnlərin və informasiya resurslarının daha rahat paylaşılmasını təmin edə bilər. Bu, yalnız texniki məsələ deyil, həm də ortaq kimlik şüurunun güclənməsi deməkdir. Dil və əlifba sadəcə ünsiyyət vasitəsi yox, həm də mədəni yaddaşdır. Belə bir antologiyanın nəşri xüsusilə tələbələr və gənclər üçün çox dəyərli resursdur. Gənc nəsil eyni mətni həm orijinal dildə, həm də ortaq əlifba formasında görərək müqayisəli öyrənmə imkanı əldə edir. Bu, onların dil duyumunu genişləndirir, türk xalqlarının ədəbi-estetik düşüncə tərzi ilə daha yaxından tanış olmasına şərait yaradır. Eyni zamanda bu cür nəşrlər gənclərdə ortaq mədəni köklərə maraq oyadır, regional əməkdaşlıq perspektivinə daha açıq düşüncə formalaşdırır. Qloballaşma dövründə kimlik məsələsi daha həssas olduğu üçün belə layihələr milli kimliyi zəiflətmir, əksinə, onu daha geniş - türk dünyası kontekstində möhkəmləndirir”.

 

Eyni zamanda Əmrah Həsənli vurğulayıb ki, ortaq əlifbanın təhsil sistemində tətbiqinə gəlincə, bu məsələ mərhələli və elmi əsaslandırılmış yanaşma tələb edir:

 

“Tam və birbaşa keçid qısa müddətdə real görünməyə bilər, çünki hər ölkənin öz normativ bazası, dərslik sistemi və dil siyasəti var. Lakin seçmə kurslar, filologiya və türkoloji istiqamətlər, ortaq layihələr və akademik mübadilə proqramları vasitəsilə tətbiq elementləri mümkündür. Ən real ssenari budur ki, ortaq əlifba paralel öyrənmə modeli kimi tətbiq edilsin. Yəni mövcud milli əlifba saxlanılsın, lakin ortaq türk əlifbası əlavə kompetensiya kimi tədris olunsun.

Məncə, bu antologiya simvolik bir nəşr olmaqla kifayətlənməməlidir. Əgər davamlı layihələr, ortaq dərslik təşəbbüsləri və akademik əməkdaşlıq proqramları ilə müşayiət olunsa, ortaq əlifba ideyası gələcəkdə daha praktik və institusional çərçivə qazana bilər. Bu isə türk dünyasında mədəni və elmi inteqrasiyanın keyfiyyətcə yeni mərhələsi deməkdir".

 

Reyhan Quliyeva

#baki #dəfə #ilk #azərbaycanda
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər