00:00:00
Yazar
Banuçiçək Məmmədova
13.03.2026 20:50 32 2 dəq oxuma
Sosial

Azərbaycanda influenserlər və bloqerlərə reklamla bağlı qadağa

Azərbaycanda influenserlər və bloqerlərə reklamla bağlı qadağa

Son illərdə sosial şəbəkələrdə influenser və bloqerlərin reklam fəaliyyəti sürətlə artıb. Müxtəlif məhsul və xidmətlərin tanıdılması üçün edilən paylaşımlar artıq geniş auditoriyaya təsir göstərir. Lakin bəzi hallarda reklamların açıq şəkildə göstərilməməsi, izləyicilərin yanlış məlumatlandırılması və qanunvericiliyin pozulması müzakirələrə səbəb olur. Bu səbəbdən Azərbaycanda influenserlər və bloqerlər üçün reklamla bağlı müəyyən qadağa və məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gəlib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında vəkil Zibeydə Sadıqova bildirib ki,  reklamın qadağan edilməsi reklam bazarına mənfi təsir edəcək:

 

“Məhdudiyyətin qoyulması üçün araşdırma aparılmalı (məsələn, sorğular verilməli, şikayətlərin statistikası toplanmalı və s.) sonra məhdudiyyətlər barədə danışılmalıdır. Əgər məhdudiyyət düşünülürsə, o zaman daha konkret tələblər qoyulmalıdır. Məsələn, şəxs nəyisə reklam edirsə, onun bütün göstəricilərini, yan təsirlərini, hazırlanma qaydalarını, istifadə qaydasını və s. detallı deməlidir. Bloqer və influenserlərlə bağlı məsələ gündəmdirsə, onların məhdudiyyətləri bilməsi üçün xüsusi maarifləndirici videolar yayılmalıdır və reklam şərtlərini bilməlidirlər ki, sonradan cərimələrlə üzləşməsinlər. İnfluenser və bloqerlər üçün reklamla bağlı qadağanın tətbiq edilməsinin əsas səbəbi vergidən yayınmağın qarşısını almaq, fəaliyyətlərinin nəzarətə alınması üçündür. Gizli reklamın izləyicilərə və istehlakçılara mənfi təsirləri ola bilər. Məsələn, məhsulun yan təsirlərini anlamadan, sevdikləri və izlədikləri insanların məsləhəti ilə istifadə etmələri səhhətlərinə və psixoloji durumlarına təsir edə bilər, reallıq anlayışını itirə bilərlər. Üstəlik, bu kütləvi olanda, müəyyən narahatedici vəziyyət yarana bilər. Belə olan halda bloqer və influenserlərin fəaliyyətini nəzarətə almaqdansa, maarifləndirici proqramlar etmək, təhsil və digər sferaları canlandırmaq lazımdır”.

 

Mövzu ilə bağlı eyni zamanda media eksperti Hacıbəy Heydərli rəy bildirib:

 

“Düşünürəm ki, son zamanlar influenserlər və bloqerlər ümumiyyətlə özlərinin məlumatı olmadığı məhsulları reklam edirdilər və bu da daha sonra insanların aldanmasına gətirib çıxarırdı. İnsanların etibarından sui-istifadə edilirdi və insanlar həmin məhsulla tanış olanda bunun həqiqətən də yararlı məhsul olmadığının şahidi olurdu. Reklam aktı dəyişdikdən sonra artıq influenserlər və bloqerlər özləri istifadə etmədiyi məhsulları reklam edə bilməyəcək. Bu, çox önəmli və mütərəqqi bir addımdır və düşünürəm ki, həm də influenserlərin məsuliyyətini artırır. Çünki ictimai məsuliyyət olmasa, heç bir halda biz influenserlərin cəmiyyətə müsbət nümunə göstərdiyini deyə bilmərik. Bu baxımdan da bundan sonrakı dövrdə influenserlər öz paylaşımlarında daha diqqətli olmalıdırlar. Bilməlidirlər ki, onlara qarşı həm ictimai, həm də hüquqi cəhətdən tədbirlər görülə bilər. Bu, çox önəmlidir və yəqin ki, yaxın zamanlarda biz artıq influenserlərin paylaşımlarında daha faydalı reklam məhsullarının şahidi olacağıq. Bu dəyişikliyi müsbət dəyərləndirirəm və sonrakı mərhələdə Azərbaycanın sosial media mühitində daha sağlam və rəqabətə davamlı bir mühit formalaşacağına inanıram”.

 

Banuçiçək Məmmədova

#bağlı #azərbaycanda #yeni #gündəm #qadağa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər