00:00:00
Yazar
Aişə Mustafayeva
19.02.2026 19:29 12 2 dəq oxuma
Sosial Özəl

Azərbaycanda kirayə qiymətləri 8%-ə yaxın artıb

Azərbaycanda kirayə qiymətləri 8%-ə yaxın artıb

2025-ci ilin yekununda Azərbaycanda kirayə mənzil qiymətləri illik müqayisədə 7,8 % artıb.

 

Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda bildirilib. Hesabata əsasən, ilin ortalarında artım tempi nisbətən zəifləsə , sentyabr ayından etibarən yenidən yüksəliş müşahidə olunub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, şübhəsiz ki, kirayə qiymətlərinin artması, böyük şəhərlərdə mənzil problemi, həmişə bütün ölkələrdə bölgələrdən gələn gənclərə ciddi problem yaradır:

 

"Bunun çarəsi, bölgələrdə iş yerlərinin və iqtisadi fəallığın artmasıdır. Bölgələrdə iş adamlarına rahat şərait yaradılmalı, bütün mənəvi, maddi və hüquqi dəstək verilməlidir ki, həmin iş adamları bölgələrdə iş yerləri açsın, iqtisadi fəallığı artırsınlar və gənclər şəhərə axişmasin. Məsələnin kökü buradadır ki, biz bunu sürətlə həll etməliyik. Ölkənin əsas aparıcı-qüvvəsi iş adamları olduğu üçün, onlara şərait yaradılmalıdır. Əgər onlar olmasa, ölkənin iqtisadiyyatı inkişaf etməyəcək, ölkə ayaq üstə qala bilməyəcək. Bu da əyani sübutdur. Bakı elə böyük bir şəhər deyil ki, biz bütün Azərbaycanı bura toplayaq. Amma, təəssüflər olsun ki, hazırda, Azərbaycanda iqtisadi fəallıq ən əsas, vacib olan yeganə bizim böyük şəhərimiz Bakıdır. Amma, Azərbaycanda 5-6 iqtisadi mərkəz olsa, Bakının xeyli yükü azalacaq".

 

Mövzu ilə bağlı danışan kirayədə qalan tələbə Nuray Qədirli bildirib ki, son bir ildə kirayə qiymətlərinin artması aylıq büdcəmə ciddi təsir edib:

 

"Əvvəllər kirayəyə ödədiyim məbləğlə həm kommunal xərcləri, həm də gündəlik ehtiyaclarımı daha rahat qarşılaya bilirdim. İndi isə kirayə haqqı artdığı üçün digər xərclərimi azaltmağa məcbur qalmışam.

Məsələn, bəzi əlavə kurslara və ya sosial fəaliyyətlərə daha az vəsait ayıra bilirəm. Bəzən daha ucuz və şəhər mərkəzindən uzaq ev variantlarına baxmaq məcburiyyətində qalıram. Bu da həm vaxt itkisinə, həm də əlavə nəqliyyat xərclərinə səbəb olur. Ümumilikdə kirayə artımı tələbə həyatı üçün müəyyən çətinliklər yaradır".

 

Mövzu ilə bağlı vətəndaşlardan da sorğu götürdük. Mövzu ilə bağlı saytımıza danışan vətəndaş Mehriban Əzimova bildirib ki, kirayə qiymətlərindəki artımı gündəlik həyatımızda açıq şəkildə hiss edirik:

 

"Xüsusilə, Bakı kimi böyük şəhərlərdə ev tapmaq həm çətinləşib, həm də daha baha başa gəlir. Bu artım ailə büdcəsində digər xərclərə ayrılan payın azalmasına səbəb olur.

Çıxış yolu kimi düşünürəm ki, sosial və münasib qiymətli kirayə mənzillərinin sayı artırılmalıdır. Dövlət tərəfindən tələbələr və gənc ailələr üçün xüsusi dəstək proqramları tətbiq olunsa, vəziyyət bir qədər yüngülləşə bilər. Eyni zamanda, bölgələrdə iş imkanlarının artırılması da böyük şəhərlərə axının qarşısını qismən ala bilər". 

 

 

Aişə Mustafayeva

#8%-ə #azərbaycan #azərbaycanda #artıb #kirayə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər