00:00:00
Yazar
Zəhra Həsənova
30.06.2026 19:23 23 4 dəq oxuma
Siyasət

Azərbaycanda rəqəmsal suverenlik istiqamətində yeni mərhələ

Azərbaycanda rəqəmsal suverenlik istiqamətində yeni mərhələ

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında məlumat verib.

 

Nazir bildirib ki, hazırda dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi istiqamətində işlər davam etdirilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında deputat Vüqar Bayramov bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal inkişaf və süni intellektlə bağlı strateji məsələlər müzakirə olunub:

 

"Mehriban xanım Əliyeva  bu istiqamətdə, perspektivdə görüləcək strateji məsələləri qeyd edib. Eyni zamanda, növbəti illər ərzində həyata keçiriləcək fəaliyyətlər sistemli şəkildə Yol Xəritəsində öz əksini tapıb.
Milli Məlumat Hövzəsi bütövlükdə rəqəmsal məlumatların inteqrasiyasını özündə ehtiva edir. Nəzərə alsaq ki, hazırda həm rəqəmsal məlumatların, həm də elektron hökumət portalı çərçivəsində aidiyyəti qurumların məlumatlarının inteqrasiyası prosesi sürətlənib, təbii ki, qanunvericilik bazası da təkmilləşdirilir. Yol Xəritəsində bu istiqamətdə fəaliyyətlər də nəzərdə tutulub. Artıq Milli Məclisə kraudfandinqlə bağlı qanun layihəsi təqdim olunub. Bu qanun layihəsi startapların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Eyni zamanda, elektron hökumət informasiya portalının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyin də təkmilləşdirilməsi həyata keçirilir.
Məlumatların inteqrasiyası və vahid platformada formalaşdırılması rəqəmsal inkişaf baxımından çox vacibdir. Bu, həm vətəndaşların, həm də sahibkarların dövlət xidmətlərinə əlçatanlığını artırır, elektron xidmətlərdən istifadə imkanlarını genişləndirir. Bu kontekstdə, təbii ki, bütün bunlar Azərbaycan iqtisadiyyatında innovativ sektorların inkişafını birbaşa stimullaşdıracaq".

 

Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Aydın Quliyev isə bildirib ki, Azərbaycanda dövlət idarəçiliyində rəqəmsal texnologiyaların tətbiqi hazırda yüksəliş mərhələsindədir:

 

"Bu prosesə dövlət səviyyəsində çox böyük önəm verilir. Müxtəlif dövlət xidmətlərinin rəqəmsallaşdırılması həm daha effektiv və sürətli nəticələrə nail olmaq baxımından əhəmiyyətlidir, həm də vətəndaş-məmur münasibətlərinin məhz bu texnologiyalar sayəsində daha da təkmilləşməsinə yol açır. Süni intellekt texnologiyaları indi dünyanın bir sıra qabaqcıl ölkələrində sürətlə tətbiq olunmaqdadır. Azərbaycanda da dövlət xidmətləri sahəsində süni intellekt texnologiyalarının mümkün qədər dinamik və sürətli tətbiqi ölkəmizin bu sahədə digər dövlətlərdən geri kalmaması üçün ən vacib şərtlərdən biri hesab olunur. Heç də təsadüfi deyil ki, rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı ayrıca dövlət strukturu da yaradılıb; bildiyim qədər, bu işlə ölkənin Birinci Vitse-prezidentinin rəhbərlik etdiyi şura məşğul olur. Bu isə o deməkdir ki, Azərbaycan dövlət idarəçiliyində süni intellektin tətbiqinin genişləndirilməsinə, onun səmərəliliyinə lazımi qiyməti verir. Həqiqətən də dövlət xidmətlərinin rəqəmsallaşdırılma dərəcəsi həm göstərilən xidmətin keyfiyyətini qaldırır, həm də cəmiyyətin savadlılıq və texnoloji biliklər səviyyəsinin durmadan artmasını şərtləndirir. Çünki təkcə dövlət xidmətlərinin rəqəmsallaşdırılması hələ məsələnin hamısı demək deyil; bu xidmətlərdən istifadə edə biləcək səviyyədə savadlı bir ictimaiyyət də lazımdır. Bu nöqteyi-nəzərdən, süni intellektin dövlət xidmətlərində mümkün qədər geniş tətbiqi həm də cəmiyyətin savadlılıq tələbatını artıran bir strategiyadır. Dövlətin bu işə xüsusi diqqət və maraq göstərməsi səbəbsiz deyil; süni intellekt texnologiyaları ilə Azərbaycan həm öz gələcəyinin daha da rəqəmsallaşdırılmasını təmin edir, həm də sürətlə rəqəmsallaşan dünyanın ayrılmaz tərkib hissəsi olmaq istədiyini nümayiş etdirir". 

 

Siyasi şərhçi həmçinin vurğulayıb ki, rəqəmsal suverenlik hazırkı şəraitdə hər bir ölkənin suverenliyinin çox vacib atributuna çevrilməkdədir:

 

"Əvvəllər ölkənin, dövlətin suverenliyinə sırf politoloji anlamda yanaşılırdı. Amma süni intellekt texnologiyalarının, rəqəmsallaşma prosesinin dərinləşməsi ölkələrin suverenlik anlayışına da yeni məzmun gətirib. Bu, ölkələrin suverenlik, rəqəmsal suverenliyinin təmin olunması, olunması kimi vacib bir problemin həllini də tələb eləyir. Rəqəmsal suverenlik təkcə rəqəmsal texnologiyaların, süni intellekt nailiyyətlərinin tətbiqi ilə kifayətlənmir. Rəqəmsal suverenlik həm də bu texnologiyanın milli maraqlar və milli metodika çərçivəsində təhlükəsizliyinin və suverenliyinin də təmin olunması deməkdir. Məsələn, əgər Azərbaycan, deyək ki, süni intellekt texnologiyalarının tətbiqində hansısa bir ölkədən asılı vəziyyətdədirsə, onun metodikasından, onun texnologiyasından bəhrələnirsə, bu, müəyyən qədər, aydın məsələdir ki, asılılıq yarada bilər. Ona görə də, süni intellekt texnologiyalarının tətbiq olunması ilə bərabər, onun suverenliyi kimi aspektə də ciddi diqqət yetirilməlidir. Çünki dövlət xidmətlərinin rəqəmsallaşması əgər rəqəmsal suverenlik məsələsindən kənarda təsəvvür olunarsa, biz, o deməkdir ki, nailiyyət əldə eləyə-eləyə başqalarından asılı vəziyyətə düşə bilərik və rəqəmsallaşma mühitimizin təhlükəsizliyini təmin eləyə bilmərik. Buna görə də, rəqəmsal suverenlik ölkənin rəqəmsal texnologiyalarının inkişafı ilə bərabər, həm də onun yad təsirlərdən, ziyanlı texnologiyaların müdaxiləsindən etibarlı şəkildə qorunması deməkdir".


Aişə Mustafayeva

#Rəqəmsallıq #suverenlik #nazirlik
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər