Azərbaycanın Avrasiya geosiyasetində möhkəmlənən mövqeyi
Azərbaycanın regional və qlobal əhəmiyyətli nəqliyyat, enerji və geosiyasi layihələrdə artan rolu ölkənin Avrasiyanın yeni geosiyasi arxitekturasındakı mövqeyini daha da möhkəmləndirir.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, Zəngəzur dəhlizi hər iki tərəfdən Azərbaycan ərazisindən keçməlidir:
“Yəni başlanğıcı da Azərbaycandır, sonu da Azərbaycandır. Çünki Azərbaycanın əsas ərazisindən Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkətdən söhbət gedir. Bu baxımdan, faktiki olaraq, həmin böyük, strateji, dünyəvi və qlobal yolun boğazı bizim əlimizdədir. Yəni Azərbaycan dövləti bu və ya digər şəkildə həmin yoldan istifadəyə sərəncam vermək imkanına malikdir. O baxımdan bu, Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıyır. Təbii ki, Azərbaycan həmin yoldan, Zəngəzur dəhlizinin bu və ya digər tərəfdəki başlanğıcından və yaxud sonundan öz maraqları üçün pis mənada istifadə etməyəcək. Azərbaycan ümumiyyətlə öz xarici siyasətində belə amillərdən istifadə etmir. Amma kimlərsə həmin yoldan istifadə edərək bizə qarşı hansısa pis niyyətlərə düşərsə, unutmamalıdır ki, Zəngəzur yolu əsasən Azərbaycan ərazisindən keçir və təbii ki, Azərbaycan istənilən vaxt həmin yolla bağlı müəyyən addımlar ata bilər”.
Müsahibin sözlərinə görə, Orta Dəhliz ideyası yeni deyil:
“Əlbəttə, bu ideya çoxdan mövcuddur. Zamanla, addım-addım reallaşdırılır və Azərbaycan da bu dəhlizin kilid ölkələrindən biridir. Əlbəttə ki, bu, Azərbaycanın istər Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi, istərsə də siyasi proseslərə təsir imkanlarının genişlənməsi baxımından önəmlidir. Yəni Azərbaycan kilid ölkədirsə, əlbəttə ki, bu dəhlizi, bu yolu Azərbaycandan keçirməyi düşünənlər bunu nəzərə almayıblar demək olmaz. Onlar başa düşürlər ki, əgər bu yolu Azərbaycan ərazisindən keçiririksə və yaxud bu yol təbii olaraq Azərbaycan ərazisindən keçmək məcburiyyətindədirsə, əlbəttə ki, yolun sahibi olan Azərbaycan dövləti ilə də hesablaşmaq lazımdır. O baxımdan, əlbəttə, Orta Dəhliz Azərbaycanın regionda mərkəzə çevrilməsi baxımından dəyərləndirilməlidir. Yeri gəlmişkən, faktiki olaraq, Azərbaycan artıq həmin mərkəzə çevrilib”.
Siyasi şərhçinin sözlırinə görə, ABŞ, Avropa İttifaqı, Çin və Rusiya kimi böyük güclərin, əlbəttə, öz maraqları var və bu maraqlar bir çox hallarda bir-birinə ziddir:
“Lakin Azərbaycan məsələsində onların ziddiyyətli mövqedən çıxış etməsi üçün imkanlar faktiki olaraq tükənib. Azərbaycanın həm Orta Dəhlizin kilid ölkəsi olması, həm Zəngəzur dəhlizi ilə bağlı yenə də kilid ölkə mövqeyində dayanması, həm də bütövlükdə bölgəmizdə yeni meydana çıxmış orta güc olması artıq həmin dövlətlərin Azərbaycanla hesablaşmasına səbəb olur. Yəni bu baxımdan, həmin dövlətlər bir-birləri ilə bu və ya digər məsələlərdə anlaşmasalar belə, Azərbaycan məsələsində, əlbəttə ki, ortaq məxrəcə gəlmək məcburiyyətindədirlər. Başqa yolları qalmayıb”.
Selcan Xudiyeva