Azərbaycanın beynəlxalq təsir gücü genişlənir
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrliyi ilə G-77 və Çin Qrupunun növbəti plenar iclası keçirilib.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, G-77 və Çin qrupu 1964-cü ildə BMT-nin ticarət və inkişaf konfransı çərçivəsində yaradılıb və adını da yaradılarkən üzv olan 77 ölkə adından götürüb:
“Hazırda qurumun 130 üzvü var. Çin dövləti isə qurumun üzvü olmasa da, qurumla əməkdaşlıq edən əsas donor ölkələrdən biridir. Bu qurumun əsas məqsədi inkişaf etməkdə olan ölkələrə, xüsusilə də, qlobal cənubun inkişafına, ticarətin və iqtisadiyyatın şaxələndirilməsinə, texnoloji və maliyyə dəstəyinin verilməsinə hədəflənir. Heç şübhəsiz ki, inkişaf etməkdə olan ölkələr qrupunun fəaliyyətində Azərbaycanın sədrliyə başlaması və bu qurumun fəaliyyətində yaxından iştirak etməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirilə bilər. 90-cı illərdən bu quruma üzv olan Azərbaycanın hazırda inkişaf etməkdə olan ölkələrin ən böyük koalisiyalarından biri olan bu qrupla paralel həm də uzun müddət Qoşulmama Hərəkatına sədrlik edib və Qoşulmama Hərəkatının fəaliyyətinin aktivləşdirilməsində mühüm rol oynayıb. Bütün bunlar isə onu deməyə əsas verir ki, artıq Azərbaycan, xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra, yeni dönəmin ən gənc və dinamik aktyorlarından biri kimi beynəlxalq proseslərdə daha aktiv rol ifa edir”.
Həmçinin politoloq qeyd edib ki, Azərbaycanın inkişaf etməkdə olan ölkələrin fəaliyyətinə vermiş olduğu əsas töhfə də məhz qısa bir müddət ərzində iqtisadiyyatını şaxələndirmək və iqtisadiyyatın dinamik inkişafına nail olmaqla bir uğur hekayəsi yaratmasıdır:
“Bu da inkişaf etməkdə olan ölkələr üçün daha cəlbedicidir. Nəinki, yüz illiklərlə dövlətçilik ənənəsi olan inkişaf etmiş böyük dövlətlərin uğur hekayəsi bir növ inkişaf etməkdə olan ölkələr üçün əlçatan qəbul edilməyə bilər. Amma Azərbaycan kimi gənc və yeni müstəqil bir dövlətin formalaşdırdığı istər texnologiya sahəsində inkişaf olsun, istər neft sənayesindən əldə olunan gəlirlərin ölkənin inkişafının müxtəlif seqmentlərinə yönləndirilməsi. Bu baxımdan G-77 və Çin qrupu təşkilatına üzv olan qlobal cənubun və inkişaf etməkdə olan bütövlükdə dövlətlərin fəaliyyəti üçün motivasiyaedici hesab olunur. Bu baxımdan Azərbaycanın bu quruma sədrliyi və sədrlik dönəmində də daha yenilikçi, daha modern addımların atılması gözlənilir. Xüsusilə də Azərbaycanın idarəetmədə qazanmış olduğu və Azərbaycan brendi kimi bu gün inkişaf etməkdə olan bir çox ölkələrdə tətbiq olunan Asan Xidmət modelinin digər ölkələrə də nümunə olaraq təqdim edilməsi və eyni zamanda digər istiqamətlərdə, xüsusilə, bu gün Azərbaycanın kosmosda peyklərinin olması Azərbaycanda kosmik klub üzvünə çevrilməsinə səbəb olub. Yəni inkişaf etməkdə olan ölkələrə texnoloji, humanitar və elmi sahədə dəstəkdə Azərbaycanın bu qurumun fəaliyyətindəki sədrliyi dönəmi olduqca məhsuldar ola bilər”.
Günel Əlili