"Azərbaycanın dəstəyinə ehtiyacımız var” -Slovakiyadan mesaj
Slovakiya Milli Şurasının sədri Rixard Raşi Yerli İnformasiya Agentliyinə müsahibəsində bildirib ki, qlobal böhranlar fonunda Slovakiya və Azərbaycan bir-birinə qarşılıqlı dəstəyə ehtiyac duyur və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı nəticələr yaradır. O qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində Slovakiyanın rolu mühümdür və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi vacibdir.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Slovakiya kimi Aİ üzvü olan bir ölkənin Azərbaycanı etibarlı tərəfdaş kimi təqdim etməsi Bakının Avropa institutları daxilində daha balanslı qəbuluna kömək edir:
“Azərbaycan və Slovakiya arasında parlamentlərarası əməkdaşlığın güclənməsi Avropa Azərbaycan münasibətlərinə müsbət siyasi fon yarada bilər. Çünki Avropa İttifaqı ilə münasibətlər yalnız Brüssel səviyyəsində deyil, həm də üzv dövlətlərin ayrı ayrılıqda mövqeyi üzərindən formalaşır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, investisiya, parlament diplomatiyası və regional sabitlik məsələlərində belə dəstək Azərbaycanın mövqeyini gücləndirə bilər. Parlamentlərarası əlaqələr həm də siyasi dialoqu daha yumşaq və davamlı saxlayan mexanizmdir. Bu baxımdan Slovakiya ilə əməkdaşlıq Azərbaycanın Aİ daxilində təkcə enerji tərəfdaşı kimi yox, həm də sabitlik və qarşılıqlı maraqlar üzərində qurulan siyasi tərəfdaş kimi tanınmasına xidmət edə bilər”.
Siyasi şərhçinin sözlərinə görə, Slovakiya üçün Azərbaycanın ən vacib resursu enerji təhlükəsizliyi ilə bağlıdır, çünki Avropa ölkələri Rusiya enerji asılılığını azaltmağa çalışdığı bir dövrdə alternativ mənbələr axtarır:
“ “Azərbaycanın dəstəyinə ehtiyacımız var” fikri isə ilk növbədə enerji, logistika və siyasi balans baxımından izah oluna bilər. Azərbaycan qazı və ümumilikdə Cənub Qaz Dəhlizi bu baxımdan Slovakiya üçün strateji əhəmiyyət daşıya bilər. Digər tərəfdən, Azərbaycanın Orta Dəhlizdə artan rolu Avropanın Mərkəzi Asiya və Xəzər regionu ilə bağlantısı üçün mühüm imkan yaradır. Siyasi baxımdan isə Bakı həm Türkiyə, həm Mərkəzi Asiya, həm də enerji bazarları ilə əlaqələri olan regional aktordur. Buna görə Slovakiya üçün Azərbaycanın əhəmiyyəti yalnız qaz və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də Avropanın enerji, nəqliyyat və geosiyasi şaxələndirmə siyasətində etibarlı tərəfdaş rolundan irəli gəlir”.
Zəri Bayramlı