00:00:00
Yazar
Ayan Sadi
24.08.2026 23:04 59 2 dəq oxuma
Siyasət

Azərbaycanın Mərkəzi Asiya və Avropada geosiyasi yüksəlişi

Azərbaycanın Mərkəzi Asiya və Avropada geosiyasi yüksəlişi

Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi regionda Azərbaycanın rolunun getdikcə artdığını göstərir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa ilə əlaqələrinin genişlənməsində Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrilməsi diqqət çəkir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ramiyə Mamedova bildirir ki, Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında əlaqələndirici rolunun güclənməsi ölkənin həm siyasi, həm də iqtisadi əhəmiyyətini artırır.

 

“İlham Əliyev Mərkəzi Asiya ilə Azərbaycanı, daha doğrusu, Azərbaycanı həm geosiyasi, həm də geoiqtisadi məkan olaraq artıq müəyyənləşdirir. Bu o deməkdir ki, Mərkəzi Asiya ilə bağlılıq, yəni Mərkəzi Asiyanın Türkiyə üzərindən Avropaya çıxışını məhz Azərbaycan öz üzərinə götürür və bu əlaqəni öz ərazisindən keçirir”.

 

Politoloqun sözlərinə görə, Azərbaycanın bu prosesdə iştirakı ölkəyə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır. Xüsusilə logistika, enerji və digər resurslar baxımından Azərbaycanın mövqeyi daha da möhkəmlənir.

 

“Azərbaycan bir ölkə olaraq daha çox siyasi dividendlər əldə etməklə yanaşı, iqtisadi baxımdan da böyük dividendlər qazanır. Təbii ki, həm logistika, həm enerji, həm də digər resurslar baxımından Azərbaycan böyük əhəmiyyət kəsb edir”.

 

Ramiyə Mamedova qeyd edib ki, Mərkəzi Asiya ölkələri və Türk dünyası dövlətləri arasında iqtisadi və siyasi əlaqələrin genişlənməsi də Azərbaycanın regional rolunu gücləndirən əsas amillərdəndir.

 

“Ümumiyyətlə, Mərkəzi Asiya dövlətləri və Türk dünyası ilə bağlı əməkdaşlıq artıq genişlənməyə başlayıb. Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər dövlətlərin bir-biri ilə əlaqələrinin inkişafı, qarşılıqlı investisiyaların artması və iqtisadi münasibətlərin genişlənməsi Azərbaycanı geoiqtisadi və geosiyasi baxımdan vacib məkana çevirir”.

 

Politoloq vurğulayıb ki, Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı investisiya fondlarının yaradılması, logistika, energetika, yaşıl enerji, kənd təsərrüfatı və tranzit layihələrinə yatırımlar Azərbaycanın regional iqtisadi əməkdaşlıqdakı mövqeyini daha da möhkəmləndirir.

 

“Mərkəzi Asiya ölkələri ilə, eləcə də Türk dünyası çərçivəsində qarşılıqlı investisiya fondları yaradılıb. Bu fondlar vasitəsilə logistika, energetika, yaşıl enerji, kənd təsərrüfatı və tranzit yollarının inkişafı istiqamətində böyük yatırımlar həyata keçirilir”.

 

Ekspertin sözlərinə görə, Azərbaycanın artan regional əhəmiyyəti Avropa və Asiya ölkələrinin də ölkəyə marağını artırır.

 

“Azərbaycan artıq yalnız neft və qaz ölkəsi deyil. Ölkə həm də mühüm tranzit və logistika mərkəzinə çevrilir. Xəzər dənizi üzərindən həyata keçirilən tranzit daşımaları və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır”.

 

Ramiyə Mamedova hesab edir ki, Azərbaycanın bu prosesdə rolunun güclənməsi ölkənin həm siyasi, həm də iqtisadi baxımdan digər dövlətlər üçün mühüm tərəfdaşa çevrilməsinə şərait yaradır.

 

Süsən Mərdalıqızı

#avropada #azərbaycanın #geosiyasi #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər