00:00:00
Yazar
Aynur Nəsirova
11.10.2026 15:38 29 2 dəq oxuma
Siyasət

Azərbaycanın MDB-də sədrliyi əməkdaşlıq imkanlarını genişləndirə bilər

 

Azərbaycanın MDB-də sədrliyi əməkdaşlıq imkanlarını genişləndirə bilər

 

Türkmənistanın “Avaza” turizm zonasında MDB Dövlət Başçıları Şurasının iclası keçirilir. İclasda Prezident İlham Əliyev də iştirak edir. Gündəlikdə Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrliyi və 2028-ci ildə sədrliyi, eləcə də təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlər yer alıb. İclasın sonunda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı ölkənin diplomatik fəaliyyətinin əsas istiqamətlərindən biridir.

 

“Azərbaycanın MDB Dövlət Başçıları Şurasının fəaliyyətində iştirakı ölkənin beynəlxalq əməkdaşlıq formatlarına ciddi və məsuliyyətli yanaşmasının göstəricisidir. Azərbaycan iştirak etdiyi bütün platformalarda fəal mövqe tutmağa, əməkdaşlıqdan fayda əldə etməyə və tərəfdaşlarına töhfə verməyə çalışır. Bu, ölkənin diplomatik fəaliyyətinin əsas istiqamətlərindən biridir”.

 

Tofiq Abbasovun sözlərinə görə, Prezident İlham Əliyev MDB çərçivəsində əməkdaşlığın gücləndirilməsinin, innovativ təşəbbüslərin irəli sürülməsinin və bütün iştirakçı ölkələrin fəallığının vacibliyini vurğulayıb.

 

“Türkmənistanın “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Azərbaycanın prioritetlərini bir daha diqqətə çatdırıb. Azərbaycanın əməkdaşlığa açıq olduğunu vurğulayan Prezident bütün iştirakçı ölkələrin prosesdə daha fəal olmasının, yeni ideya və innovativ yanaşmaların irəli sürülməsinin vacibliyini qeyd edib.

 

Əməkdaşlıq formatlarından səmərəli nəticələrin əldə olunması üçün iştirakçı ölkələrin ortaq məsuliyyət nümayiş etdirməsi, səylərini birləşdirməsi və prosesə maraq göstərməsi vacibdir. Azərbaycanın beynəlxalq platformalarda fəal və dinamik mövqeyi də bu baxımdan diqqət çəkir. Ölkə iştirak etdiyi formatlarda yalnız öz maraqlarını deyil, tərəfdaşlarının da fayda əldə etməsini əsas götürür”.

 

Politoloq Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə qazandığı təcrübənin MDB-də qarşıdakı rəhbərliyi zamanı da əhəmiyyətli rol oynaya biləcəyini bildirib. Onun fikrincə, bu təcrübə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm imkanlar yaradır.

 

“Azərbaycanın Qoşulmama Hərəkatına dördillik sədrliyi bu yanaşmanın nümunəsidir. Həmin dövrdə təşkilatın fəaliyyətinin canlandırılması, beynəlxalq mövqeyinin gücləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində addımlar atılıb. Parlament Şəbəkəsi və Gənclər Təşkilatı kimi yeni platformalar formalaşdırılıb, humanitar dəstək təşəbbüsləri həyata keçirilib. Həmçinin, onlarla ölkəyə dəstək göstərilib və COVID-19 pandemiyası dövründə vaksinlərin ədalətli bölüşdürülməsi məsələsi beynəlxalq gündəmə gətirilib".

 

 

Siyasi şərhçi həmçinin vurğulayıb ki, Azərbaycanın MDB-yə 2027-ci ildə həmsədrlik və 2028-ci ildə sədrlik çərçivəsində də oxşar yanaşma nümayiş etdirməsi gözlənilir. 

 

 

"Bu dövrdə təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması, innovativ təşəbbüslərin tətbiqi və üzv ölkələr arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi əsas istiqamətlərdən ola bilər.

 

Azərbaycanın məqsədi hər hansı beynəlxalq platformada formal iştirakla kifayətlənmək deyil, real nəticələrə nail olmaq və tərəfdaşlar üçün də faydalı əməkdaşlıq mühiti yaratmaqdır. Bu baxımdan, ölkənin qarşıdakı sədrliyi dövründə təşkilatın imkanlarının genişləndirilməsi və üzv dövlətlərin birgə fəaliyyətinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır”.

 

Aydan Əsgərxanlı

#əməkdaşlıq #azərbaycan #mdb-də #sədrliyi #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər