00:00:00
Yazar
Ayan Sadi
02.09.2026 23:19 44 2 dəq oxuma
Siyasət

Azərbaycanın ŞƏT platformasında artan rolu

Azərbaycanın ŞƏT platformasında artan rolu

ŞƏT platforması Azərbaycanın Çin və Mərkəzi Asiya ilə əlaqələrini genişləndirməsi üçün mühüm imkan yaradır

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakı mühüm hadisədir:

 

“Azərbaycan artıq uzun müddətdir bu təşkilatın toplantılarında iştirak edir və bu formatda dialoq tərəfdaşı statusuna malikdir.Bu format həm də ona görə maraqlıdır ki, burada birləşən dövlətlər əhali sayına görə 3,5 milyarddan artıq insanı əhatə edir. Dünya iqtisadiyyatının təxminən üçdə birinə yaxını bu ölkələrin payına düşür və onların əksəriyyəti inkişaf tempinə görə fərqlənir”.

 

Politoloq qeyd edib ki,Azərbaycan üçün bu təşkilat çərçivəsində münasibətləri inkişaf etdirmək, xüsusilə Çin və Mərkəzi Asiya istiqamətində Orta Dəhlizin inkişafını sürətləndirmək, nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığı genişləndirmək, eləcə də ikitərəfli əlaqələri dərinləşdirmək mühüm hədəflərdir.

 

 

Azərbaycanın son illərdə həm Çin, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri ciddi şəkildə inkişaf edib və dərinləşib. Mərkəzi Asiyanın bir çox ölkələri ilə müttəfiqlik səviyyəsində münasibətlərimiz var. Çinlə isə strateji tərəfdaşlıq əlaqələri qurulub və digər ölkələrlə də münasibətlər inkişaf etdirilir.

  

Oqtay Qasımovun sözlərinə görə,Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycanın çoxvektorlu siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. 

 

Bu format çərçivəsində keçirilən toplantılarda Azərbaycan Prezidenti tərəfindən çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi də əlaqələrin inkişafına xidmət edir.Azərbaycan son illərdə orta güc kimi formalaşmaqdadır və Cənubi Qafqazın əsas oyunçularından biri hesab olunur, müxtəlif formatlarda bu tip əməkdaşlıqlar həm Azərbaycan, həm də tərəfdaş dövlətlər üçün mühüm və maraqlı amildir.

 

Nurgün Qənizadə

#platformasında #baki #azərbaycan #rolu #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər