00:00:00
Yazar
Güllər Gülhüseynova
18.05.2026 22:16 58 3 dəq oxuma
Siyasət

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam- Paşinyan

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam- Paşinyan

Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün hər hansı “qarant” institutuna ehtiyac görmür.

 

O, bu barədə seçkiqabağı kampaniya zamanı danışıb.

 

Paşinyan qeyd edib ki, bu məsələdə artıq eyni səhvləri təkrarlamaq niyyətində deyil.

 

“Son nəticədə biz özümüzdən başqalarına qarşı istifadə edilməsinə yol verməməliyik. Eyni zamanda sonradan kənara atılmağımıza səbəb olan qüsurlu dairəni qırmalıyıq”, - deyə Paşinyan vurğulayıb.
Nikol Paşinyan bunun mühüm tarixi və siyasi dəyişiklik olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyan Ermənistanın gələcək inkişafını Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görür:

 

“Ermənistan Baş naziri Nikol Paşinyan praqmatik siyasət yürütməyə çalışır. Ermənistanın əsas problemlərini, demək olar ki, özü üçün dəqiqləşdirib. Paşinyan anlayır ki, Ermənistanın indiki vəziyyətdə olmasının əsas səbəbi Rusiya ilə bağlıdır. Ermənistan onilliklər boyu Rusiyanın Cənubi Qafqazdakı forpostu kimi mövcud olub. Kreml Ermənistandan Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün faydalanıb. Azərbaycana qarşı istifadə edib. Təbii ki, Baş nazir Nikol Paşinyan bu reallığı anlayır, ona görə də, Ermənistandan başqalarının istifadə etməsinə imkan verməməli olduqlarını deyir. Bu da onu göstərir ki, Paşinyan yalnız Ermənistanın maraqları çərçivəsində fəaliyyət göstərməsinə üstünlük verir. Bu da ilk növbədə Rusiyadan uzaqlaşmaq prinsiplərinin təməlini təşkil edir. Qərbə yaxınlaşma da bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, digər bir xətt də Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılma prosesi ilə bağlıdır. Paşinyan hakimiyyəti hesab edir ki, Ermənistanın gələcək inkişaf perspektivləri məhz Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlıdır. Ona görə də Baş nazir Nikol Paşinyan açıq mətnlə bildirir ki, Azərbaycan və Ermənistan arasındakı sülhün qorunması üçün qaranta ehtiyac yoxdur. Çünki Paşinyan açıq şəkildə deməsə belə, dolayısı ilə eyham vurmuş olur ki, indiyə qədər Azərbaycan və Ermənistan arasında sülhün və normal münasibətlərin mövcud olmamasının əsas səbəbi məhz Ermənistanın özü ilə bağlıdır”.

 

Ekspert qeyd edib ki, Ermənistanın başqa dövlətlərin alətinə çevrilməməsi regionda sabitlik üçün əsas şərtlərdən biri hesab olunur:

 

“Rusiya kimi və yaxud da Avropa Birliyi kimi qlobal iradə mərkəzləri Ermənistandan ilk növbədə Azərbaycana qarşı alət kimi istifadə ediblər. Nəticədə Azərbaycan və Ermənistan arasında münasibətlər həmişə savaş müstəvisində olub. Paşinyan da hesab edir ki, əgər Ermənistan başqalarının alətinə çevrilməsə və Azərbaycana qarşı alət kimi istifadə olunmasa, o zaman Azərbaycan və Ermənistan arasında münasibətlər normal ola bilər. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasındakı sülhün qaranta ehtiyac olmaması ilə bağlı məqamın daha bir önəmli istiqaməti mövcuddur. Bu da ikitərəfli münasibətlərin normallaşdırılması ilə yanaşı, iqtisadi-ticari münasibətlərin qurulması məsələsidir. Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə anlayır ki, əgər Azərbaycan və Ermənistan arasında iqtisadi-ticari münasibətlər qurularsa və bu inkişaf etdirilərsə, o zaman bu iki dövlət arasında savaş və yaxud da hərbi gərginlik ehtimalı da minimuma enər. Hətta bu iqtisadi-ticari münasibətlər Azərbaycan və Ermənistan arasındakı münasibətlərin, xüsusilə də sülh prosesinin qarantına çevrilə bilər. Tamamilə doğru yanaşmadır. Bu baxımdan, Paşinyan öz siyasi reseptini tam dəqiqliyi ilə müəyyənləşdirib. Bu da onu göstərir ki, Paşinyan hakimiyyəti özündən əvvəlki hakimiyyətlərin, eləcə də özünün hakimiyyətə gəldiyi ilk dövrlərin kobud səhvlərini təkrarlamaq niyyətində deyil. Sülhün təməlini normal münasibətlər və iqtisadi-ticari əlaqələr üzərində qurmaq istəyir və bu baxımdan da Ermənistanı maraqlarına xidmət edən dövlət kimi formalaşdırmağa çalışır. Başqa dövlətlərin alətinə çevrilməkdən yayındırmaq niyyətini büruzə verir”.

 

Lalə Qurbanlı

#azərbaycan #yeni #bağlı #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər