Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Baş nazir Nikol Paşinyanın parlament seçkilərində müxalifətin qalib gələcəyi təqdirdə sentyabr ayında Azərbaycanla yeni müharibə riski ilə bağlı səsləndirdiyi fikrə sərt reaksiya verib. Sərkisyan jurnalistlərə açıqlamasında Paşinyanın iddialarının əsassız olduğunu bildirib. Yəni Sərkisyan demək istəyib ki, o, hakimiyyətə gələrsə, Azərbaycanla müharibəyə başlamayacaq.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Ermənistanda seçkilərə az zaman qalır:
“Odur ki, Rusiyanın himayə etdiyi qruplar ilə hakim partiyanın namizədi olacaq şəxs arasında çəkişmələr davam edir. Paşinyan hesab edir ki, Sərkisyan kimilər yenidən hakimiyyətə qayıdarsa Rusiyanın təhriki ilə Azərbaycan ilə yeni müharibəyə cəhd edə bilərlər. O, bu fikirləri səsləndirməklə əhalini Sərkisyana qarşı mübarizəyə cəlb edir. Seçki qabağı bu kimi fikirlər çox səsləndiriləcək. Ancaq reallıqda isə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycan ilə müharibə Ermənistan üçün intihar ola bilər. Belə bir sərsəm addımı isə yalnız Ermənistanı dövlət kimi yox etmək istəyən erməni ata bilər. Çünki hazırki reallıq tam başqadır. Artıq dünya bu reallığı qəbul edib, hətta imza da çəkib. Ermənistan siyasi elitası sadəcə bu mövzudan seçki ərəfəsində öz mənafeyi üçün istifadə edir. Yeni müharibə ehtimalı təbii ki, yoxdur. Paşinyan Sərkisyan kimilərin sülh deyil, savaş tərəfdarı olduğunu ifadə etməklə xalqı onlardan çəkindirir. Lakin reallıqda Sərkisyanın hakimiyyətə gəlmə ehtimalı yox dərəcəsindədir. İxtiyarı özündə olmadığı üçün onun verdiyi vədlər və bəyanatlar şərhə ehtiyacı olmayan cəfəngiyyatdan savayı bir şey deyil. Yalnız Rusiya və İrana ümid edən Sərkisyan yenidən hakimiyyətə qaytarıla bilməz. Hazırda Rusiya Ukrayna ilə, İran isə İsrail ilə savaş durumundadır. Regionda Sərkisyan kimi fiqurlara resurs sərf etməyin də bu dövlətlərin maraqlarına fövqəladə fayda verəcəyi ehtimalı yoxdur. Xalq arasında da reytinqi və reputasiyası yüksək olmayan Sərkisyanı bir daha Rusiya hakimiyyətə gətirə bilməz”.
Səadət Əlizadə