Azərbaycanla Pakistan arasında peşə hazırlığı sahəsində əməkdaşlıq genişlənəcək - EKSPERTDƏN AÇIQLAMA
Azərbaycan və Pakistan arasında peşə təhsili və kadr hazırlığı sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni addımlar atılır. Tərəflər peşə təhsili müəssisələri arasında təcrübə mübadiləsinin təşviqi, birgə layihələrin həyata keçirilməsi, müasir ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun təhsil proqramlarının hazırlanması imkanlarını müzakirə ediblər. Əməkdaşlığın hər iki ölkədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və ixtisaslı kadr potensialının inkişafına töhfə verəcəyi gözlənilir.
Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə peşə təhsili Azərbaycanda sürətlə inkişaf edən və gənclər arasında populyarlığı əhəmiyyətli dərəcədə artan təhsil istiqamətlərindən birinə çevrilib. Xüsusilə, son iki ildə peşə təhsilinə maraq nəzərəçarpacaq dərəcədə yüksəlib və bu sahə bəzi hallarda kollec təhsilini belə üstələyir:
“Son iki ildir ki, peşə təhsilinə maraq artır. Hətta deyərdim ki, peşə təhsili kolleclərdən daha üstün mövqedədir. Gənclər artıq bunun fərqinə varırlar və biz də təhsil sektorunun nümayəndələri kimi bu aktuallığı onlara aşılamağa çalışırıq. Ali və orta ixtisas təhsili müəssisələrində əsasən nəzəri biliklərə üstünlük verilir, praktiki hazırlıq isə məhdud olur. Bəzi universitetlərdə müasir laboratoriyalar yaradılsa da, peşə təhsilinin əsas üstünlüyü məhz praktik bacarıqların formalaşdırılmasıdır. Peşə məktəblərində, xüsusilə, yüksək peşə təhsilində tələbələr 3-4 il ərzində müasir laboratoriyalarda praktiki bacarıqlara yiyələnirlər. Bu baxımdan peşə təhsilinə maraq artıb. İnformasiya texnologiyaları, kompüter təminatı, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik kimi aktual ixtisaslara gənclər böyük maraq göstərirlər”.
Ekspert hesab edir ki, Azərbaycan və Pakistan arasında yüksək peşə təhsili sahəsində əməkdaşlıq hər iki ölkə üçün mühüm imkanlar yarada bilər:
“Bu əməkdaşlıq ilk növbədə təhsil mübadiləsi deməkdir. Təhsil mübadiləsi bizə yeni strategiyalar qazandıra, eyni zamanda hər iki ölkənin iqtisadi inkişafına və sənaye potensialının güclənməsinə töhfə verə bilər. Yüksək peşə təhsilini başa vuran məzunlar əmək bazarında daha rahat iş tapa bilirlər. Xüsusilə, informasiya texnologiyaları, kibertəhlükəsizlik, texnologiya və sənaye sahələri üzrə hazırlanan mütəxəssislərə tələbat yüksəkdir. Bu ixtisaslar üzrə təhsil alanlar subbakalavr statusu əldə edərək universitetlərə birbaşa qəbul imkanı da qazanırlar. Gənclərin daha çox maraq göstərdiyi istiqamətlər isə informasiya texnologiyaları, kompüter texnologiyaları və sənaye sahələridir”.
A.Seyidova əlavə edib ki, əməkdaşlığın mühüm istiqamətlərindən biri də dual təhsil sisteminin tətbiqidir:
“Dual təhsil sistemi nəzəriyyədən daha çox praktik bacarıqlara üstünlük verir. Bu baxımdan Pakistanla əməkdaşlıq effektiv nəticələr verə bilər. Müəllimlər həmin mərkəzlərdə sertifikatlar əldə edib, qabaqcıl iş təcrübəsini mənimsəyə bilərlər. Sonradan bu bilik və bacarıqları Azərbaycanda, həm Bakıda, həm də regionlardakı peşə təhsili müəssisələrində tətbiq etmək imkanları yaranacaq. Tələbə mübadiləsi proqramları da peşə təhsilinin keyfiyyətinə müsbət təsir göstərəcək. Tələbələr Pakistanda təcrübə keçə, dil biliklərini inkişaf etdirə və oradakı praktik təcrübəni öyrənərək ölkəyə qayıtdıqdan sonra tətbiq edə bilərlər. Bu da onların əmək bazarında daha tez iş tapmasına kömək edəcək. Müasir dövrdə təkcə diplom deyil, bacarıq və sertifikatlar da böyük əhəmiyyət daşıyır. Universitet və ya kollec diplomu vacibdir. Amma bu gün əsas rol oynayan amillər sertifikatlar, bacarıqlar və praktiki vərdişlərdir. Hazırda ən perspektivli istiqamətlər sırasında informasiya texnologiyaları, kibertəhlükəsizlik, turizm və kənd təsərrüfatı ixtisaslardır. Bu sahələr üzrə ikili diplom proqramlarının yaradılması ölkənin inkişafı üçün əvəzsiz addım olar. Bu, yüksək ixtisaslı kadrların hazırlanmasını sürətləndirər, xarici investorların və şirkətlərin ölkəyə marağını artırar, eyni zamanda beynəlxalq təcrübənin Azərbaycanda yayılmasına mühüm töhfə verər”, - Afərim Seyidova fikrini yekunlaşdırıb.
Fatimə Hüseynli