Azərbaycanlılar üçün ABŞ-də yeni xidmət
Azərbaycanın ABŞ-dəki Səfirliyi Nyu York və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edib.
Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət “İnformator.az”a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatları həddən artıq böyük dövlətdir - 9 milyon kvadrat kilometrdən artıq əraziyə və təxminən 350 milyon əhaliyə malikdir:
“Bir şəhərdən digərinə getmək üçün bəzən minlərlə kilometr məsafə qət etmək lazım gəlir. Yəni nəhəng bir ölkədir. Əlbəttə ki, Azərbaycan kimi kiçik bir dövlətin bu ölkədə geniş konsulluq şəbəkəsi qurması mümkünsüzdür. Azərbaycanın dünyada təxminən 90-a yaxın ölkədə diplomatik nümayəndəliyi var. Yəni biz yer üzündəki bütün dövlətləri belə əhatə edə bilmədik. Amerika Birləşmiş Ştatları kimi böyük bir ölkədə hər ştatda bir konsulluq açmaq mümkün deyil. Los-Ancelesdə fəal konsulluğumuz var. Təbii ki, Nyu-Yorkda bu işin təşkil edilməsi də təqdirəlayiqdir. Vaşinqtonda isə səfirliyimiz fəaliyyət göstərir və onun nəzdində konsulluq şöbəsi mövcuddur. Bu belə Azərbaycan üçün kifayət qədər böyük göstəricidir. Bu baxımdan düşünürəm ki, belə xidmətlərin ən azı bu üç nöqtədə təşkili bərabərsizlik yaratmır, sadəcə olaraq imkanlarımız buna çatır. Üstəlik hazırda Amerika Birləşmiş Ştatlarının demək olar ki, hər ştatında azərbaycanlılar yaşayır, lakin sayımız çox deyil. Oradakı azərbaycanlıların böyük əksəriyyəti Güney azərbaycanlılardır, yəni Azərbaycan Respublikası ilə birbaşa bağlılığı olmayan şəxslərdir. Buradan gedənlər də var, amma onların sayı azdır”.
Həmçinin siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə Amerika Birləşmiş Ştatları dünyanın tək və rəqibsiz qlobal güclərindən biridir:
“Əlbəttə ki, ora daha çox diqqət ayırmalıyıq, xüsusilə də, diaspora məsələlərində. Amerika Birləşmiş Ştatlarındakı diasporumuzun imkanlarından istifadə edilməlidir. Bu gün orada konsulluq xidmətimiz varsa, bu təmsilçiliklərin sayının artırılması da faydalı ola bilər. Belə təmsilçiliklərin çoxalması diaspora məsələlərində də müsbət rol oynayar. Ümumilikdə bu cür təşəbbüslərin xarici siyasətə təsirinə gəlincə, dövlət və vətəndaş arasında bağların ölkə xaricində də qorunub saxlanılması vacibdir. Konsulluqlar, səfirliklər və digər nümayəndəliklər məhz bu əlaqələri yaşadan əsas vasitələrdir. Biz harada dövlət olaraq mövcuduqsa, orada da soydaşlarımızla əlaqələri daha intensiv şəkildə təmin edə bilirik”.
Günel Əlili