Azad edilən ərazilərin dirçəlişi
Azərbaycan işğaldan azad edilən ərazilərin bərpasını əsasən daxili maliyyə imkanları hesabına həyata keçirir. Son beş ildə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri minlərlə vətəndaşın doğma yurduna qayıdışını təmin etməklə yanaşı, ölkənin regional güc mərkəzi kimi mövqeyini də möhkəmləndirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın işğaldan azad olunan bölgələrinin tək daxili resurslarla bərpa olunması doğru deyil:
“Sadəcə başqa çıxış yolumuz yoxdur. Təəssüf ki, biz yaxşı investisiya mühiti yaratmamışıq ki, digər ölkələr də ora böyük həcmdə investisiyalar qoysun. Bəzi ölkələrin investisiyaları var. Amma o da daha çox Azərbaycanla dostluq, qardaşlıq münasibətlərinə görədir. Hansısa ölkə Azərbaycana jest olaraq məktəb, obyekt tikir. Biz onlara təşəkkür edirik. Amma əsas investisiyaları dövlət qoyur. Uzun müddət belə davam edə bilməyəcək. Bizim Şərqi Zəngəzur və Qarabağda bir tək büdcə vəsaiti hesabına tikməyə çalışsaq, bu həm böyük zaman alacaq, həm də çox böyük vəsait tələb olunacaq. Həmin bölgələrin investisiya mühitinin artırılmasına çalışmalıyıq. İstər yerli, istərsə də, xarici investorların özəl sektora cəlb olunmasının mexanizmlərinin tapılmasına ehtiyac var”.
Banu Məmmədova
