00:00:00
Yazar
Admin User
05.02.2026 17:09 50 2 dəq oxuma
Sosial

Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək

Azərbaycan 30-dan artıq ölkədə turizm imkanlarını təqdim edəcək

Azərbaycan 2026-cı ildə turizm sektorunun beynəlxalq tanıtımını gücləndirmək məqsədilə genişmiqyaslı marketinq kampaniyalarına start verəcək.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında turizm eksperti Nizami Həsənov bildirib ki, Azərbaycanın 30-dan artıq ölkəni əhatə edən marketinq strategiyasının real turist axınına təsiri, təbii olaraq, müsbətdir:

 

"Gələcəkdə də öz effektini göstərəcək. Yəni hamımız uzun illərdir turizm sahəsində çalışdığımız müddət boyunca dövlətlərarası və yaxud da şirkətlərarası tanıtım platformalarından, tanıtım marketinqindən istifadə edirik. Amma rəqəmsal platformalara üstünlük verilməsi, məncə, daha effektiv nəticə verə bilər. Çünki bu praktika bir çox dünya destinasiyalarında geniş istifadə olunur və nəticə etibarilə hər zaman daha səmərəli olur.

 

Biz bilirik ki, bu gün XXI əsrdə dünya onlayna, innovasiyaya doğru irəliləyir və dünya turizmində də bu cür praktikalar geniş yayılıb. Hər bir formada rəqəmsal platformalara üstünlük verilməsi çox vacibdir.

 

Qastroturizm və toy turizmi kimi tematik istiqamətlər Azərbaycanın turizm brendinin fərqlənməsində çox böyük rol oynayır. Hamımız bilirik ki, Azərbaycan turizm istiqamətləri arasında qastroturizm çox önəmli və vacib yer tutan turizm qollarından biridir və bunu mütləq şəkildə daha da genişləndirməyimiz çox önəmlidir. Azərbaycanın milli mətbəxi kifayət qədər dadlı və effektiv bir tanıtım vasitəsidir.

 

Toy turizminə gəlincə, dünya praktikasına baxsaq, bu gün bir çox destinasiyalar sırf bu istiqamətdə öz sözlərini deyiblər. Reklam və məqsədyönlü tanıtım vasitəsilə müəyyən bir mərhələyə gəlib çatırlar. Bizim də bunu etməyə imkanımız var. Amma bunun üçün xüsusi alətlər, xüsusi infrastruktur olmalıdır. İnfrastruktur dedikdə təkcə restoran və hotellər nəzərdə tutulmur. Burada platformalar, xüsusi paketlər və xüsusi marşrutlar olmalıdır.

 

Bundan əlavə, tematik turizm növlərindən biri də kinematoqrafiyadır. Azərbaycanda bu sahədə az da olsa, müəyyən praktika mövcuddur. Yəni pandemiya dövründən əvvəl Bollywood Hindistan kinematoqrafiyasını Azərbaycana gətirdik. Bu sahədə ilk fəaliyyət göstərən şirkətlərdən biri də biz olduq və bu layihələri həyata keçirdik. Bu layihələrin də özünəməxsus qaydaları və məqamları var ki, bəzən şirkətlərin və alıcıların qarşısına müəyyən baryerlər qoyur. Gələcəkdə bu sahədə də Azərbaycan addımlar atsa, çox əhəmiyyətli dərəcədə effektiv bir tematik turizm növü formalaşa bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər