“Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır”
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında bölgədəki gərginliyin aradan qaldırılmasına Azərbaycanın töhfə verməyə hazır olduğunu bildirib. Dövlət başçısı məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllini dəstəklədiyini vurğulayıb. Prezident Pezeşkian isə buna görə təşəkkürünü ifadə edib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, İlham Əliyevin İran Prezidenti ilə telefon danışığı, ilk növbədə, bölgədə gedən proseslərlə bağlı Azərbaycanın narahatlığının ifadəsidir:
“Çünki Azərbaycan yaxşı başa düşür ki, əgər İran-Amerika ziddiyyətləri müharibə yolu ilə həll olunsa, bu, bölgədə çox ciddi narahatlıqlar yaradacaq. İranda bizim ən azı 20 milyon soydaşımız var. Bu insanlar Azərbaycana böyük ümidlə baxırlar və İlham Əliyev də Azərbaycan Prezidenti olaraq onların taleyinə laqeyd olmadığını dəfələrlə ifadə edib. Belə bir şəraitdə Azərbaycan, təbii ki, İrandakı soydaşlarının, eləcə də soydaşımız olmayan qeyri-millətlərdən olan insanların böyük humanitar faciələrə düçar olmasını istəmədiyini nümayiş etdirir.
Digər tərəfdən, İlham Əliyev mövcud şəraitdə Azərbaycan-İran dostluq, qardaşlıq və mehriban qonşuluq siyasətini davam etdirməkdə maraqlı olduğunu ifadə edib. Düşünürəm ki, bu, İran üçün çox mühüm mesajdır. Bu mesaj ondan ibarətdir ki, İranın çətin günlərində Azərbaycan onunla bağlı siyasətini dəyişməyib. Bu nüans İran üçün olduqca əhəmiyyətlidir, baxmayaraq ki, keçmişdə Azərbaycan-İran münasibətlərində, xüsusilə də İranın Azərbaycana münasibətində xoşagəlməyən məqamlar olub. Buna baxmayaraq, Azərbaycan bu dəfə də İranın çətin vəziyyətindən sui-istifadə etməyə çalışan ölkə kimi davranmayıb və İranın ən ağır anlarında ona ürəyi istədiyi dəstəyi göstərib.
Bu onu göstərir ki, Azərbaycan İranın Amerika ilə problemlərinin dinc yolla həllini istəyir, bunun diplomatik üsullarla tənzimlənməsinə çalışır və İranın dinc proqramına istənilən variantda sahib çıxmaq hüququnu tanıyır. Azərbaycanın hazırkı şəraitdə bu prosesə töhfə verməsinə gəldikdə isə, bəli, Azərbaycanın həm imkanı, həm istəyi var. Azərbaycan Prezidenti istəsə və gücü də çatsa, bu məsələdə bölgədə vasitəçi rolunu oynaya bilər. Lakin, əlbəttə ki, bu münaqişənin həllinə Azərbaycanın töhfə verməsi təkcə ondan asılı deyil. Əgər yalnız Azərbaycandan asılı olsaydı, bəli, Azərbaycan İran-Amerika münaqişəsinin həllinə töhfə vermək istəyərdi. Amma bunun üçün həm İranın, həm də Amerikanın bu istəyi olmalıdır. Bu məsələ o halda müsbət nəticə verə bilər ki, Azərbaycanın prosesə töhfə verməsini hər iki tərəf qəbul etsin. Hazırda isə İran və Amerikanın Azərbaycandan bunu istəyib-istəməyəcəyi sual altındadır və bunu zaman göstərəcək".
Reyhan Quliyeva
