00:00:00
Yazar
Admin User
26.12.2025 17:41 98 2 dəq oxuma
Sosial

Azərbaycan Böyük Britaniyaya zeytun yağı ixracına başlayıb

Azərbaycan Böyük Britaniyaya zeytun yağı ixracına başlayıb

Bu ilin yanvar–oktyabr aylarında Azərbaycan xarici bazarlara 5,89 milyon ABŞ dolları dəyərində 1 349 ton zeytun yağı ixrac edib. İxracın dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz azalsa da, kəmiyyət ifadəsində 36 faiz artım qeydə alınıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, Azərbaycanın Böyük Britaniyaya zeytun yağı ixracına başlaması həm aqrar sektor, həm də qida sənayesi baxımından müsbət siqnaldır:

 

"Avropa bazarında, xüsusilə Böyük Britaniyada zeytun yağı üçün əsas tələblər kimyəvi və sensor göstəricilərlə bağlıdır. Azərbaycanda istehsal olunan zeytun yağlarının bir qismi artıq “extra virgin” kateqoriyasına uyğun göstəricilər əldə edə bilir. Bu, iqlim şəraiti, zeytun sortları və son illər tətbiq olunan müasir sıxma texnologiyaları ilə bağlıdır. Lakin Avropa bazarında davamlı mövqe üçün hər partiyada stabil keyfiyyət, izlənəbilirlik və beynəlxalq sertifikatlar (ISO 22000, HACCP, bəzən PDO/PGI) həlledici rol oynayır.

 

Zeytun yağı istehsalının artması daxili bazarda əlçatanlığı və nisbi qiymət sabitliyini təmin edə bilər. Bu isə doyan yağların (marqarin, bəzi rafinə olunmuş yağlar) istifadəsinin azalmasına, ürək-damar sağlamlığı baxımından daha düzgün yağ seçiminin formalaşmasına töhfə verə bilər. Paralel olaraq maarifləndirmə aparılarsa, zeytun yağının yalnız salat üçün deyil, gündəlik mətbəxdə düzgün istifadə vərdişləri də güclənə bilər.

 

Ümumilikdə, ixracın artması təkcə iqtisadi deyil, həm də qida təhlükəsizliyi və sağlam qidalanma baxımından ölkə üçün strateji üstünlüklər yarada bilər".

 

Sağlam qidalanaraq sağlam yaşayın!

 

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər